Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Şeirin meyarı ancaq vəzn və qafiyə deyildir. Bəzən vəzni və qafiyəsi olan elə şeirlərə təsadüf edilir ki, o, adi söz yığınından başqa bir şey olmur. Ədəbi vasitələrdən məhrum olan bu parçalarda heç bir məntiq, ifadə gözəlliyi olmur və o, şeir adlana bilməz. Şeirdə məcaz, istiarə, mübaliğə, təzad kimi qiymətli vasitələrdən istifadə edilməlidir.

Bu gün yeni şeirlərini oxuduğumuz şairə Solmaz xanımın kitabında yuxarıda qeyd olunmuş tələblərə uyğun ədəbi parçalara təsadüf edirik.

“Solmaz çiçəklər”adlanan kitabda məsnəvi, qoşma, gəraylı, qəzəl və aforizmlərə təsadüf edirik ki, bunlarda bədii ifadələrə uyğun məntiqli və rəvan deyilmiş şeirlər toplanıb. Şeirlərin vəzninə gəlincə, əsasən heca, sərbəst və əruzdan istifadə edildiyini görürük. Məsnəvi, qoşma janrında yazılmış şeirlər sırasında aşiqanə qoşma və qəzəllərə təsadüf edirik ki, bunlarda əruz vəzninin müxtəlif bəhrlərindən istifadə edilmişdir. Şeir və qəzəllərində Solmaz xanım əruzun həcəz və rəməl bəhrlərindən daha çox istifadə edir. Lirik şeirlərinin çoxunda vətənpərvərlik mövzusunda bədii parçalara təsadüf edirik. Onun “Azərbaycanım” şeirində vətən ana ilə bərabər tutulur, onda fədakarlıq ifadələri əks edilir:

Sən mənə anasan, anamdan əziz,
Sənə məhəbbətim dənizdir, dəniz!
Ömrümün bir anı keçməsin sənsiz,
Ey mənim varlığım, qəlbim, vicdanım,
Mən sənə qurbanam, Azərbaycanım!

Bu şeirdə nə qədər səmimiyyət və vətənpərvərlik hissi olduğunu oxucu aşkar görür. Vətənə dəniz qədər məhəbbəti olan şairə lazım olsa, vətən uğrunda canını belə qurban verməyə hazır olduğunu bildirir. “ Mənim anam” şeirində deyir:

Üz-gözündən Günəş doğur,
Ay ışığı, mənim anam.
Mehribanlıq və sadəlik
Yaraşığı, mənim anam.

Ana məhəbbətinin aliliyi və böyüklüyü bir daha məhəbbət ilə ifadə olunur. Şairə üçün ana gözündə Ayın və Günəşin nuru vardır.Ana timsalında onun üçün yaraşığın və böyüklüyün ifadəsi oxunur.

Solmaz xanım qoşmalarında da belə incə və məzmunlu ifadələri bacarıqla üzə çıxara bilir:

Qanad açsın mahnılar,
Dildən-dilə ötüşsün.
Dilə gəlsin ilk bahar,
Bülbül gülə yetişsin.

Şairə əruz vəznində yazdığı şeirlərində də vətənpərvərlik, məhəbbət hissini ifadə edə bilir. Bir qəzəlində oxuyuruq:

Yüksəlt, ucalt, işıqlandır bu şərəfli adını,
Sən şərəflər dünyasısan, Azərbaycan qadını!

Aforizm və atmacalar yazmaq müəllifdən daha artıq məsuliyyət tələb edir. Çünki burda ən böyük fikirlər ən qısa şəkildə ifadə olunur. Məsələn:

Hər kəsin şahidi öz vicdanıdır.
Ürəyin qapısı gözdəndir.
Məhəbbətlə xəyanət düşməndir.

Beləliklə, şeirin müxtəlif janrlarında yazmaq bacarığı şairə Solmaz Şirində sevindirici bir haldır.

Həkim Qəni

Solmaz Şirinin Kitabları

Kitab Sifarişi