Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!

28 sentyabr 2003-cü il “Yeni Azərbaycan”qəzeti

Poetik sözün işığı

Dövrü mətbuatda imzasına rast gəldiyimiz Solmaz Şirin yaxın vaxtlarda “Qapp-poliqraf”nəşriyyatında yeni kitabını -“Səni gözləyirəm”şeirlər toplusunu çap etdirmişdir. Kitabı diqqətlə oxuyanda görmək olur ki, şeirlər başdan-başa duyğular selidir. Yəni, psixoloji-mənəvi və həyati olanlara duyğular pəncərəsindən səciyyəvi münasibət vardır. Solmaz Şirin mövzu və motiv olanları sanki öz qəlb aləminin işığında böyüdür, ona poetik siqlət aşılayır və oxucuya təqdim edir.

Şeirlərin səciyyəvi forma müəyyənliyi əsasən ənənəvidir. Hiss olunur ki, şairə klassik Azərbaycan ədəbiyyatının folklor qaynaqlarını dərindən bilir. Lirik növün ölən ənənəvi formalarında şeirlər yazır. Bu baxımdan, kitabdakı onbirlik və yeddilik formasında olan şeirlər fərqlənir. “Səni gözləyirəm”, “Sən gir ürəyimə”, “Elə yaşayaq ki” , “Amandı, əzizim”, “Gecikmiş məhəbbət”, “Duysun qəlbimi”və s. qoşma janrında, “İsit məni”, “Qismətimi gözləyirəm”, “Məhəbbət”, “Yad et məni”, “Köksümə sığmayır” və s. isə gəraylı formasındadır. Bu şeurlərin bənd və qafiyə quruluşu da ənənəvidir. Maraqlıdır ki, forma ənənəvi olsa da, ideya-məzmunun ifadəsi obrazlılıq baxımından yeni və təravətlidir. Hətta bəzi həqiqətlərini şairə epik-didaktik planda təqdim etməkdən çəkinmir. Bütün bunlar həyatın sərt həqiqətlərindən irəli gəlir.

Solmaz Şirin poeziyasının fərdi üslub keyfiyyətlərindən biri budur ki, şeirlərini lirik-psixoloji, mühakiməli-didaktik təhkiyədə oxucuya təqdim edir. Belə təhkiyədə etiraf, psixoloji məqamlar, ovqat və əhval-ruhiyyə, eləcə də, lirik müraciət, xitab, emfatik suallar qabarıq keyfiyyətdir. “Səni gözləyirəm”, “Sən gir ürəyimə”, “Oyan, bəxtim”, “Kömək ol köməksizə”, “Nə deyib yaratdın?”, “Nurla dol, ana”, “Niyə inciyim?” şeirlərinin adlarında da həmin bədii keyfiyyətlər təzahür olunur.

Solmaz Şirinin mövzu qaynaqları öz soyunu haradan içir? İlk növbədə, qəlbin hərarətindən, səmimiyyətindən! Hiss olunur ki, Solmaz Şirin həssas və duyğulu ürək sahibidir. İnsanlara bu həlim ürəkdə qayğı və kömək vardır. Bu ürək kiməsə lazım olanda sevinir, ilhamlanır, qürur və inam hissi ilə dolur. Bu cəhətdən “Kaş hamı sevə bilə”, “Köksümə sığmayır”, “Ürək və dil”, “Səadət olmasa”, “Ümidimiz var”, “Gözəl qadın”, “Gəlin qoruyaq”şeirləri səciyyəvidir.

Solmaz Şirin təkcə lirik etirafları ilə kifayətlənmir, təbiət kimi sanki dolur, boşalır.  Yəni, təbiət və gözəlliyin gətirdiyi lirik-psixoloji ehtizazlar müsbət keyfiyyətlər olduğu kimi, qeyri-estetik, qeyri-etik, anti-psixoloji xüsusiyyətlər insanlar arasında duyulanda və görünəndə şairə də təbiət kimi qeyzlənir, etiraz mövqeyində dayanır. Belə olanda kobud ifadələr yox, dil və şeiriyyatın bədii estetikası biçimində öyüd və nəsihətə keçir, əxlaqi-didaktik mühakimələr yürüdür.

Bu ondan irəli gəlir ki, Solmaz Şirinin pedaqoq, tərbiyəçi kimi ictimai vəzifələri var. İstəyir ki, tərbiyə etdiyi tələbə və oxucuları yüksək əxlaqi və mənəvi keyfiyyətlərə malik olsun. “Ay pula qul olanlar”, “Vicdan susanda”, “Pulsuzluq”, “Doğru-yalan”, “Əl əli yumasa” və digər şeirləri həmin əxlaqi dəyərləri obrazlı deyimlərlə canlandırır.

Solmaz xanımın şeirləri poetik “Mən” keyfiyyətinə malikdir. Bu o deməkdir ki, lirik “mən” həm şairənin könül dünyasını, həm də ümumən ictimai həyatın ən müxtəlif məqamlarını özündə birləşdirir. Lakin lirik “mən” üçün səciyyəvi müəyyənlik məhəbbət və gözəllik estetikasıdır. Təsadüfi deyil ki, həmin şeirlərdə bu cəhət aparıcı xüsusiyyətdir.

Bəs şairənin lirik “mən”ində yalnız duyğu və düşüncələr ehtizazımı birləşir, yoxsa onun qaynaqları daha geniş keyfiyyətdədir? Cavab veririk ki, Solmaz xanımın mövzuları yalnız lirik duyğularla, mənəvi, psixoloji olanlarla hüdudlanmır, əhatəsini aşaraq epik elementləri də özünə daxil edib bir çox şeirlərə lirik-epik çalarları da gətirir.

“Aya yalvarıram, götürsün məni”, “Zərlərin qədrini zərgərlər bilir”, “Dəniz və mən” və s. şeirləri həmin anlayışları öz adları ilə ehtiva etməyirmi?! Solmaz xanımın əsas mövzuları məhəbbət və gözəllik, Ay və ulduz, ürək və dil, ruh və can, dəniz, Azərbaycan və Qarabağ, vətən və ana, yer və göy, pul və var-dövlət, dünya və vicdan mövzularıdır. Bunlar da motiv və ideya qaynaqları ilə bağlantılıdır.

Bir qədər də şeirlərin ideya-məzmunu haqqında: “Səni gözləyirəm” şeirlər toplusunda əsas ideya-məzmun nikbindir. Həyata, gözəlliyə və məhəbbətə çağırış duyğuları ilə doludur. Həmin ideya-məzmun son anda didaktik-mühakiməli keyfiyyətlə çevrələnib tamamlanır.

Bədii-əxlaqi didaktika aşıq yaradıcılığından, ustadnamə qaynaqlarından, müdrik və poetik deyim tərzindən, ibarələrindən su içir. Amma bu da var ki, Solmaz Şirin Azərbaycandan, Qarabağdan, Vətəndən və Anadan yazanda daha köklü-köməcli duyulur:

              De, nemət varmıdır səndə olmayan?

              Sərvətdən, qüdrətdən yoğrulub mayan.
              Sönməz bir məşəlsən, Şərqə nur yayan,
             “Qara qızıl”ındır damarda qanım,
              Eşqinlə dolanır, Azərbaycanım!

Qarabağ mövzusu tarixən işlənmiş mövzu olub, bu gün də öz davamındadır. Hər bir lirik “Mən” doğma Qarabağına layiq olmağa çalışır, yurdsevərlik duyğusunu daha özəli hissiyyatlarla təcəssüm etdirir. Bu keyfiyyət Solmaz Şirinin lirik “Mən”ini də səciyyəvi duyğular selindən keçirir, həmin ağrı-acıda nikbin pafos və ideya bir qayda olaraq qərarlı olur.

              Səbr eylə, ürəyim, canım Qarabağ,

              Gün gələr, sənin də bəxtin olar ağ.
              Alınar düşməndən intiqam, qisas,
              Gözəl arzuların gözündə qalmaz.

Solmaz Şirinin şeirləri sadə mətn üzərində qurulur, bu mətn bir cür duyumlanır, ənənəvi olanlara əsaslanır. Təkcə ənənəvi olanlaramı? Yenilik budur ki, Solmaz Şirin duyğu, düşüncə, ideya və məzmunun tələbindən irəli gələn forma da müəyyənləşdirir. Başqa sözlə, anaklaza ruhlu şeirlər də yazır. Bu, nə heca, nə də sərbəstdir, onların hibritləşdirilmiş poetik şəklidir:

              De, əzizim,

              dəli sevda dağ çəkməzmi
              qəlbi dağlı sinəmə?
              Dəli sevda necə bölər
              səni ona və mənə?!

Solmaz Şirin poetik dil qayğısını hiss olunur ki, yaxından çəkir, xalq danışıq dilini, ifadə və idiomlarını şeir dilinə gətirir, bədii nümunələrə təbiilik, sadəlik və səmimiyyət aşılayır. Şeirlərin bənd və qafiyə quruluşu da onlara özünəməxsus ahəng, ritm və intonasiya gətirir. Şairə məsnəvi, dövrəvi, qulaq qafiyələrdən istifadə etsə də,üstünlüyü çarpaz qafiyələrə verir.

“Səni gözləyirəm” şeirlər kitabı sənətkarın uğurudur, gələcək poetik axtarış və tapıntıların zəminidir, ideya-məzmun qaynaqlarının başlanğıcıdır. Bu sənət yolunda şairə Solmaz Şirinə yeni poetik uğurlar, sənət sevincləri arzulayırıq.

                                                                               
Əlizadə Əsgərli

                                                                               Filologiya elmləri namizədi

Go Back

Comments for this post have been disabled.