Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!

Xurşidbanu Natəvan

Nə mən olaydım, İlahi, nə də bu aləm olaydı,
Nə də bu aləm ara dil müqəyyədi-qəm olaydı.

Nə hicr atəşinə odlanıb yanaydı dilim,
Nə eşqin içrə könül böylə şad, xürrəm olaydı.

Nə sərv qəddin olaydı, nə həsrətilə gözüm kur,
Nə ruzgar fəraqində qamətim xəm olaydı.

Nə bəhr olaydı, nə ümman, nə böylə göz yaşı cari,
Nə gül üzündə, İlahi, bu növi şəbnəm olaydı.

Nə gül olaydı, nə gülzari-gülşənin dəxi seyri,
Nə xar möhnəti, bülbül, səninlə möhkəm olaydı.

Nə çah olaydı, nə zindan, nə karivan güzəri,
Nə Yusifi bu bəladə görən bir adəm olaydı.

Nə bəzm olaydı, nə bazari-Yusif əhvalı,
Nə rəhgüzərdə Züleyxa qəm ilə həmdəm olaydı.

Nə ah olaydı, nə əfsus, nə parə-parə könül,
Nə Natəvanın, İlahi, həvası dərhəm olaydı!

Go Back

Comments for this post have been disabled.