Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!

İlham və Fərizə

20 Yanvar – Şəhidlər günü Azərbaycan xalqının taleyinə qanlı, faciəli gün kimi şəhid övladların qanı ilə yazılmışdır. Yanvar ayının 19-dan 20-nə keçən gecə və sonrakı günlərdə Bakının küçələrində, meydanlarında qan dizə çıxdı. Ən müasir silahlarla xalq atəşə tutuldu, tanklar, toplar dinc əhalini amansızcasına, vəhşicəsinə məhv etməyə başladı. Sov.İKP MK-nın baş katibi M.Qorbaçovun və digər rəhbərlərin qanlı əli Bakıya, Azərbaycana uzandı... Külli miqdarda kişi, qadın, uşaq, qoca bu vəhşiliyin qurbanı oldu.

31 yanvar 1992-ci ildə 19-20 yanvar hadisələri zamanı yüksək vətəndaşlıq örnəyi, mərdlik və hünər göstərmiş 120 nəfər şəhidə, 23 nəfər yaralı vətənpərvərə “Azadlıq uğrunda mübariz” fəxri adı verilmişdir.                

                                                                      İLHAM VƏ FƏRİZƏ

Əjdər kişi Ofeliya xanımla evlənmiş, Ağdamda özlərinə yuva qurub 3 qız, 2 oğlan sahibi olmuşlar.

Sonradan Əjdər kişi ailəsiylə birlikdə Bakıya köçmüşdür.

Cavan xəstə bacısının qəfil ölüm xəbərini eşidən Əjdər kişi buna dözməyərək 42 yaşında dünyasını dəyişmişdir. Ailənin kişi yükü oğlanları Elxanla İlhamın çiyinlərinə düşmüşdür. Onda İlham 7-ci sinifdə oxuyurdu. Ağdamdan xəbər gəldi ki, nənəsi balalarının yoxluğuna və təkliyə dözə bilmir. 14 yaşlı İlhamı həyan və göz olmaq üçün Ağdama nənəsinin yanına göndərdilər. O, orada axşamlar oxuyur, gündüzlər işləyib nənəsi və özü üçün çörək pulu qazanırqı.

İlham hərbi xidmətə getdi. Gələn kimi D. Bünyadzadə adına gəmi təmiri zavoduna işə girdi. Sonra Politexnik texnikumuna daxil oldu. Yenə də həm işlədi, həm oxudu. 1989-cu ildə texnikumu bitirdi. 1990-cı ildə instituta girməyə hazırlaşırdı. İlhamın ən böyük arzusu Fərizə ilə qovuşmaq, onu qonşuluqdan öz evinə köçürmək idi. İlhamın anası deyir ki, Fərizə elə bu evdə qızlarımla bir yerdə böyüyüb. O, İlhamın kiçik bacısı Gülbənizlə bir sinifdə oxuyub, bir partada əyləşib.

1988-ci ilin martın 19-da Fərizə üçün nişan apardılar. İlham ayaqqabılarını çıxardıb hiss olunmadan Fərizənin ayaqqabılarının yanına qoydu. Bu vaxt eşikdə durduğu yerdə təptəzə nişan maşınının yan şüşəsi partladı. Elxan qardaşı deyir ki, gözümün qabağında oldu. Qəfildən səs eşitdim: dupppp... maşının yan şüşəsi un kimi ovulub töküldü.

Ofeliya xanım bunu eşidən kimi qanı qaralmış stula çökdü. Təsadüf idimi bu?... Yox... Bu, gələcək böyük bir faciənin ilk xəbəri, ilk qapı döyüntüsü idi. Hamıdan çox İlham əzab çəkirdi. Yalandan başını aldatdılar ki, uşaqlar daş atıblar.

“ Leyla” şadlıq evi yenicə istifadəyə verilmişdi. Orada ilk toy İlhamla Fərizənin toyu oldu. Çox gözəl toy keçdi. Hələ belə toy olmamışdı.

Toydan sonra İlhamla Fərizə “Vağzalı”yla onlar üçün ayrılmış xırdaca komaya gəldilər. Komanın qabağında bir balaca mətbəx, bir də yataq otağı vardı. Yataq otağına güclə bir çarpayı sığışırdı.

Bu kiçicik otaqda onlar 6 ay ömür sürdülər, məhəbbətlə, sədaqətlə dolu ömür...

20 Yanvar günü İlham evə tez gəlmişdi. Qaynı, məhəllə uşaqlarıyla yola çıxdılar. Yola çıxmaqlarıyla tanklarla, güllələrlə

qarşılaşmaqları bir oldu. Hamı bir anlıq çaşbaş qaldı. Çoxu dağılışdı. İlham yanında qalan uşaqlara dedi: “Ə, bunlar qırır ey camaatı... Elə bilirlər camaatda silah var. Gəlin, qoymayaq.” Bunu deyib, əllərini qaldıraraq tankların qabağına keçdi: “Soldatı, ne strelyayte, lyudi bez orujiya!”

Güllələr amansızcasına qarnına dolduruldu. Uşaqlar onu kənara çəkəndə gözlərini açıb dedi: “Anama deməyin...” Gözlərini yumanda yoldaşları onu silkələdilər. İlham ikinci dəfə gözlərini açıb söylədi: “Anamı istəyirəm, anamı görmək istəyirəm...” Utandığından Fərizınin adını çəkməyib. Yoldaşları onu xəstəxanaya aparıblar.

Fərizə isə gecəni səhərə kimi baldızlarıyla küçədə qalıb, yol gözləyib. Bütün gecəni Elxan İlhamı axtarıb, tapa bilməyib.

Səhər tezdən Elxan yeznəsi Faiqlə yaxınlıqdakı Respublika xəstəxanasına gediblər. İlhamın meyitini ölüxanadakı meyitlərin içərisindən bir təhər tapıb çıxardıblar.

Elxan deyir: “...Evimizin tininə çatanda fikirləşdim ki, mən bu boyda igidi bu sifətdə evə necə aparım? Anama, bacılarıma, Fərizəyə nə deyim? Maşın tutub İlhamı məscidə apardım, yudurtdum, kəfənə tutdurdum. Meyiti evə gətirdim.

Ev dağılırdı... Həyət uçulurdu... Saçlar yolunurdu... Ah-nalədən, şivəndən qulaqlar tutulurdu. Bu səslərin içindən Fərizənin səsindən ev-eşiyə, həyətə od püskürürdü.

Başının tükləri göydə uçurdu”.

Bütün günü qardaşı, qonum-qonşular İlhamı torpağa tapşırmağa yer axtarıblar.

Gəlib Xırdalan qəbiristanlığına çıxıblar. Qəbirqazan tapmayıb özləri bel götürüb qəbir qazmağa başlayıblar. Torpaq bərk idi, qazılmırdı. Bir təhər qaranlıq düşən vaxt qəbiri qazıb qurtarıblar. Yoldan keçən bir “MAZ” maşınını saxladıb, onun işığında İlhamı qaranlıq torpağa tapşırıblar.

Evdə Fərizə İlhama bürünüb gedən xalçanı bomboş görəndə üstünə sərilib yatıb. Gecənin bir vaxtında ayılıb, üstünə, saçlarına neft töküb, həyətə çıxıb.

Təsadüfən yanından keçən gəlinləri neftin iyini duyaraq Fərizəni tutub saxlayıb, pal-paltarını dəyişib, üst-başını yuyub.

O gün, yanvarın 21-də gəlib deyiblər ki, İlhamı Xırdalanda nahaq basdırmısınız, onu sabah çıxardıb Şəhidlər xiyabanına aparmaq lazımdır.

Fərizə bilib ki, yanvarın 22-si səhəri İlhamın meyitini Şəhidlər xiyabanına aparacaqlar. Gecə yarısı xəlvətcə gəlib İlhamsız otağına, İlhamsız mətbəxinə, toy şəkillərini düzüb stolun üstünə, baxıb, öpüb... Sonra anasıgildən gizlin gətirdiyi  uksusdan stəkana töküb içib. O dəqiqə dəftərdən bir vərəq qoparıb, qələm götürüb həyatda son sözlərini, vida cümlələrini yazıb: “Heç biriniz ağlamayın. Mən İlhamsız yaşaya bilmərəm. Ana, ağlama, onsuz da bu ...” Fərizənin daha bir şey yazmağa gücü çatmayıb, yıxılıb. Tez onu xəstəxanaya aparıblar. Yol boyu Fərizə bir kəlmə danışa bilməyib. Ancaq şəhadət barmaqlarını qoşalaşdırıb lal diliylə bildirib ki, onu sabah İlhamla bir yerdə basdırsınlar. Xəstəxananın qəbul otağında Fərizənin ruhu, könlü o dünyada İlhamla qoşalaşıb, görüşüb.

Şəhidlər xiyabanında Fərizə ilə İlhamı bir qəbirdə basdırmaq istədilər. “Şəriət yol vermir”, - dedilər. Birinci Fərizəni basdırdılar böyrü üstə, İlhama sarı. İlhamı da Fərizəyə tərəf çöndərdilər. Aralarında cəmi bir ovuc, bir qarış torpaq var idi.

Onlar qaranlıq və soyuq qəbirdə sönməz məhəbbət işığı və istiliyi ilə əbədiyyətə qovuşdular. Allah rəhmət eləsin, o dünyalarını versin!

                                                                                                                                                            Solmaz Şirin

  

Go Back

Comments for this post have been disabled.