Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!

Müşfiq xatirəli məktəb

Bakı şəhəri M. Müşfiq adına 18 saylı məktəbin 100-dən yuxarı yaşı var. 30-cu illərdə gənc şair M. Müşfiq bu məktəbin o vaxtkı binasında ədəbiyyat fənnini tədris etmişdir. Məktəb hal-hazırkı Ş.Qurbanov 6/10 saylı binada 1966-cı ildən fəaliyyət göstərir. Burada 1828 şagird təhsil alır, 182 müəllim fəaliyyət göstərir.

Respublikamız müstəqillik əldə etdikdən sonra milli təhsilin inkişafı və onun qabaqcıl dünya dövlətlərinin təhsil sistemlərinə inteqrasiyası istiqamətində bir sıra tədbirlər həyata keçirilməyə başlanılmışdır.

Həyata keçirilən tədbirlər təhsilin forma və məzmunca təkmilləşdirilməsinə, keyfiyyətcə yaxşılaşdırılmasına, bu sahədə yeni ideyaların və qabaqcıl təcrübənin öyrənilməsinə geniş imkanlar açmışdır.

30 avqust 1996-cı ildə keçirilən Pedaqoji şurada qərara alındı ki, dahi şair M.Müşfiqin həyat və yaradıcılığını öyrənmək, şagirdləri bu ruhda tərbiyə etmək, onlara vətənpərvərlik hissləri aşılamaq ən ümdə vəzifələrdən biri olmalıdır.

Hər il sentyabr ayının 25-26-da məktəbdə ənənəvi Müşfiq günləri keçirilir.

1-ci gün elmi praktik konfrans.

2-ci gün isə tədbir şairin doğulduğu Xızı rayonunun Sayadlar kəndində davam etdirilir.

2007-ci ildə Respublika prezidenti M.Müşfiqin 100 illiyinin geniş qeyd edilməsi üçün sərəncam imzaladı.

Sərəncama əsasən M. Müşfiqin anadan olmasının 100 illiyinin keçirilməsi üçün geniş tədbirlər planı hazırlandı. Yekun olaraq uşaq filarmoniyasında “Səndən kim keçdi, dünya?” başlığı altında tədbir keçirildi.

Azərbaycan Respublikası Prezidentinin milli-mənəvi dəyərlərimizin, mənəviyyatımızın qorunması ilə bağlı 13 avqust 2001-ci il tarixli bəyanatı, dilimizin daha da inkişafına istiqamətlənmiş, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” “Azərbaycan dili vəazərbaycan əlifbası” gününün təsis edilməsi haqqında sərəncamı müəllim və şagird heyəti tərəfindən qəbul olunmuş, öyrənilmişdir.        

1995-1996-cı tədris ilindən bu günə qədər Bakı Baş Təhsil İdarəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “İlin ən yaxşı müəllimi”, “İlin ən yaxşı pedaqoji mühazirəçisi”, “İlin ən yaxşı dərnək rəhbəri” və “İlin ən yaxşı fənn kabineti” müsabiqələrində məktəbin 29 müəllimi iştirak etmiş, BŞTİ-si və Təhsil Nazirliyi tərəfindən I,II,III dərəcəli diplomlarla təltif olunmuşlar.

Məktəb müxtəlif layihələrdə iştirak etmişdir: 1999-cu ildən 2003-cü ilədək insan hüquqlarının ümumtəhsil məktəblərində tədrisi ilə bağlı Norveç Qaçqınlar şurasilə 2002-ci ildən bu günədək Yunisefin “Ümidli gələcək gənclər” təşkilatının “Valideyn-Müəllim Assosasiyası” layihəsi, 2004-cü ildən bu günədək Solar Ultra Xəbərlərin Milli Aeronavtika və kosmosun öyrənilməsi layihəsi, 2005-ci ildən bu günədək Dünya Bankı və BİPİ-nin dünya üzrə Azərbaycanın görünüşü və Uşaqların Xilası layihəsi, 2006-cı ilin fevralında Tolerantlıq layihəsi, 2006-cı ilin yanvarından Azərbaycanda İİV QİÇS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi layihəsi, 2006-cı il Təhsil Nazirliyi, Yunisef, Azərbaycan Sosiologiya Assosasiyası ilə birlikdə məktəbdə şagirdlərə qarşı zorakılıq layihəsi.

Məktəbdə 2006-2007-ci tədris ilində “Mənəviyyatımız”, “Vicdan nədir?”, “Milli-mənəvi dəyərlərimiz” mövzusunda dəyirmi masalar keçirilmiş, bu dəyirmi masalarda görkəmli elm xadimlərindən Mircəfər Həsənov, Əbdül Əlizadə, Vidadi Xəlilov və başqaları iştirak etmişlər. Dəyirmi masaların keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizə maraq, Vətənə, xalqa məhəbbət hisslərini daha da gücləndirməkdir.

Məktəbdə ibtidai siniflərdən başlayaraq yuxarı siniflərədək hər bir yaş mərhələsində şagirdlərlə müxtəlif işlər aparılır.

I sinfə qəbul olunan şagirdlərin hər birinin psixoloji müayinədən keçdikdən sonra qəbul edilməsi ənənəvi şəkil almışdır. Xüsusi psixometrik, diaqnostik testlərlə şagirdlərin təfəkkür imkanlarının, idrak xüsusiyyətlərinin, meyl və maraqlarının aşkar edilməsi, müvafiq fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, sistemli peşəyönümlü işinin təşkil edilməsi sahəsində məktəbin gördüyü işlər ürəkaçandır.

2008-ci il milli kurrikulumun tətbiqi ili kimi tarixə düşüb. Təhsil Nazirliyinin məlum əmrinə əsas ən kurrikulumun 1-ci siniflərdə tətbiq edilməsilə əlaqədar məktəb Pilot məktəbi kimi seçilmişdir.

1-ci sinifdə işləyəcək yeddi müəllim təşkil olunmuş təlim kursunu müvəffəqiyyətlə başa vurmuş, 2008-ci ilin sentyabrında Milli kurrikulum əsasında tədrisə başlamışdır. Milli kurrikulumla əlaqədar yeni dərslik komponentləri müəllimlərin işini xeyli asanlaşdırmış, uşaqda dərsə maraq oyatmaqda mühüm əhəmiyyət kəsb etmişdir.

2008-ci ildə ulu öndərimiz H. Əliyev cənablarının 85 illiyinə həsr olunmuş “Biz Heydər Əliyev irsini öyrənirik” müsabiqəsində məktəbin şagirdləri fəal iştirak     etmiş, Azərbaycan təhsil işçiləri Azad Həmkarlar İttifaqı Yasamal rayon komitəsinin və Bakı Baş Təhsil İdarəsinin fəxri fərmanı ilə təltif olunmuşdur.

Prezident İlham Əliyevin xüsusi istedada malik uşaqların aşkara çıxarılmasilə əlaqədar 17 aprel 2006-cı il tarixli 1414 N li sərəncamına əsasən məktəbdə 2 ildir ki, “Könül dəftəri” adlı ədəbi məclis fəaliyyət göstərir. Burada balaca yazarlar şeir sənətinin sirlərinə yiyələnir, həm öz yazdıqlarını oxuyub müzakirə edir, həm də yubiley tədbirləri keçirir. Məclis üzvlərindən Vaqif və Mərhəmətin şeir kitablarının dərc olunması bunları bir daha təsdiq edir. “Könül dəftəri” adlı bülletendə həm yaradıcı şagirdlərin, həm də müəllimlərin yaradıcılığından nümunələr dərc edilir, bu da öz növbəsində Müşfiq məktəbinin ruhuna uyğun olaraq şagirdləri yaradıcılığa ruhlandırır.

Məktəbdə hərbi vətənpərvərlik kabineti fəaliyyət göstətir.

Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə məktəbin 6 məzunu və 1 müəllimi şəhidlik zirvəsinə ucalmışdır.

Məzunlardan Salatın Əsgərova və Təbriz Xəlilbəyli Azərbaycanın Milli qəhrəmanlarıdır. Müəllim Abdulla Rəhimov “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur. Hərbi vətənpərvərlik kabinetində hər bir şəhidin guşəsi yerləşir və onların xatirəsi daim əziz tutulur. Müntəzəm olaraq Şəhidlər xiyabanına şəhidlərin ziyarətləri təşkil olunur.

Ordu sıralarından tərxis olunmuş gənclərlə görüşlər keçirilir, müasir silah növlərindən, ordu tarixindən bəhs edən söhbətlər aparılır. “Vətənin keşiyində”, “Ordusu olan dövlət basılmazdır”, “Mən əskər olacağam” mövzusunda disput və inşa müsabiqələri keçirilir.

Hər il şagirdlərin “Cəsurlar”, “Sağ cinah”,”Şahin” hərbi idman və turizm oyunlarına qatılması istiqamətində hazırlıq işləri aparılır, 2005-2006-cı tədris ilində “Cəsurlar” komandası rayon birinciliyində 5-ci yerə, 2006-2007-ci tədris ilində məktəbin komandası “Şahin” hərbi idman oyununda 3-cü yerə layiq görülmüşdür.

Məktəbi müxtəlif illərdə bitirmiş məzunlarla “Xatirələr sorağında” adlı görüşün keçirilməsi də tərbiyəvi konsepsiyanın bir növü olmaqla yanaşı şagirdləri gələcəkdə kamil insan, həqiqi vətəndaş olmağa ruhlandırır.

Məktəbdə hər bir uşaqla işləyərkən onun fərdi psixoloji xüsusiyyətlərini, ailə vəziyyəti, yoldaşları arasındakı mövqeyi, keçilən dərslərə münasibəti, problemləri və bu problemlərin yaranma səbəblərini bilmək məqsədilə hər bir sinfə və sinifdə təhsil alan hər bir şagirdə aid “Şagird haqqında ümumi məlumat” blankları mövcuddur. Burada ən zəruri məlumatlar əksini tapmışdır. Məktəbdə 2003-cü ildən VMA-si fəaliyyət göstərir. Hal-hazırda “Məktəb-valideyn münasibətlərinin birgə fəaliyyətinin zəruriliyi problemlərin həlli yolunda mühüm amildir”, “Valideyn-məktəb münasibəti əsas şərtdir” devizi əldə tutularaq məktəbdə müntəzəm olaraq“Valideynin səsi” adlı divar qəzeti dərc olunur. Qəzetin hər sayının çıxarılmasında valideynlər fəal iştirak edirlər.

Redaksiya heyəti iki valideyn və məktəb psixoloqundan ibarətdir. Psixoloji xidmət kabinetində “valideyn guşəsi” yaradılıb, “poçt qutusu” təşkil olunub. Müntəzəm valideyn lektoriyası fəaliyyət göstərir. Bu lektoriya valideynlərin maariflənməsində mühüm rol oynayır.

Təhsilin məzmun və keyfiyyətinin yaxşılaşdırılması üçün məktəbdə hər bir fənn üzrə qarşılıqlı dərs dinləmələr keçirilir. “Şagirdin şəxsiyyət kimi formalaşmasında müəllimin nüfuzu və rolu”, “Şagirdlərin intellektual səviyyəsini yüksəltmək üçün tədrisin təsirindən necə istifadə etməli?”, “Şagird şəxsiyyətinin inkişafında problemlər, axtarışlar, təcrübələr” mövzusunda dəyirmi masa və görüşlər keçirilir.

Məktəbdə şagirdlərin meyl, maraq qabiliyyətlərini aşkar edib bu istiqamətdə içlər aparmaq üçün anket sorğular tərtib edilmişdir. Anket sorğular əsasında məktəbdə şagirdlərin fikirlərini yazılı surətdə qəbul edən informasiya mərkəzi yaradılıb. Bu mərkəz əsasında məktəbdə sinifdənxaric və məktəbdənkənar tədbirlər şagirdlərin daxili tələbatları, istək və arzuları əsasında  müəyyənləşdirilir.

Məktəbin fənn olimpiadalarında qazandığı nailiyyətlər də ürəkaçandır. 2006-cı ildə Respublika üzrə keçirilən fənn olimpiadalarında məktəbin 11-ci sinif şagirdi Kərimzadə Orxan fizika fənni üzrə 3-cü yerə, 2008-ci ildə isə 9-cu sinif şagirdi Əsədzadə Ülvi 4-cü yerə layiq görülmüşdür.

Görülən işlərin nəticəsində 2006-cı ildə məktəbi bitirib ali məktəblərə daxil olan məzunlardan 2 nəfəri, 2007-ci ildə 4 nəfəri, 2008-ci ildə isə 7 nəfəri 600-dən yuxarı bal toplamışdır.

Məktəbin və şagirdlərin idman sahəsində qazandığı uğurlar qənaətbəxşdir. Müxtəlif illərdə Yasamal rayonunda futbol, voleybol, bosketbol, dama və s. üzrə keçirilmiş Spartakiadalarda qızlardan və oğlanlardan ibarət komandalar 1,2-ci yerlərə layiq görülmüşlər.      

Məktəb kitabxanası müasir tələblərə cavab verən bir şəkildə qurulmuşdur. Kitabxananın ümumi fondu 44506-dır, 23777 bədii ədəbiyyat, 21129-u isə dərslikdir. Kitabxanada Azərbaycanın şair və yazıçılarının əsərlərinin vaxtaşırı təqdimat mərasimi keçirilir. Buna misal olaraq Əli Tudə, Rüstəm İbrahimbəyov,

Maqsud İbrahimbəyovun seçilmiş əsərlərini göstərmək olar. 2007-ci tədris ilində məşhur yazıçı Çingiz Abdullayevlə görüş keçirilmişdir.

Məktəbdə nizam-intizam, səliqə-səhman yüksək səviyyədədir. Məktəb 2008-ci ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunmuşdur.

Ölkəmizdə təhsil islahatı proqramının həyata keçirilməsində müəllim-şagird, müəllim-valideyn, məktəb-valideyn münasibətlərinin demokratikləşməsi istiqamətində məktəb kollektivinin əldə etdiyi nailiyyətlərə görə məktəb 2001-2002-ci tədris ilində “İlin ən yaxşı məktəbi” müsabiqəsində 1-ci yerə layiq görülmüşdür.


Solmaz Şirin 

 

Go Back

Comments for this post have been disabled.