Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!

Ziyarətçilər

720442

YAD ET MƏNİ

Göyü bulud seyr edəndə,
Yağış pənah gətirəndə,
Yolu çaya döndərəndə,
Sən yelkən ol, yad et məni!

Duman tüstü ələyəndə,
Göz-gözü heç görməyəndə, 
Çən dağları bələyəndə,
Damla şeh al, yad et məni!

Tufan, boran yetişsə də,
Külək, çovğun göz deşsə də,
Hamı məndən yan keçsə də,
Sən həmdəm qal, yad et məni!

Şimşək çaxsa, göy gurlasa,
Leysan töksə, çaylar daşsa,
Göy tökülsə, dağlar aşsa,
Sən qanad çal, yad et məni!

GÖZƏL XUMAR, GÖYÇƏK XUMAR

Müğənni Xumar Qədimovaya ithaf edirəm 

Gönəş nuru saç elinə,
Gözəl Xumar, göyçək Xumar!
Gül ənbərli saçlarına,
Üz-gözünə sən çək tumar!

Görüşünə el şad olur,
Varlığınla dilşad olur.
Gözlərində oynar büllur,
Sən baxanda xumar-xumar.

Məhəbbətin nəşəsini,
Ayrılığın bəd səsini,
Həyatın xoş nəfəsini
Andıran bir şüarın var.

Görüşünə gəldi könlüm,
Sənə vurğun oldu könlüm.
Qoy həmişə, gözəl gülüm,
Sənət bağın gətirsin bar.

Qoy bu olsun sənə ayan –
Səni sevir Azərbaycan!
Solmaz dilər o Allahdan:
Sənət yolun olsun hamar,
Gözəl, göyçək, nazlı Xumar!

TAR-KAMANIN, SAZIN GÜLƏR

Space kanalının “Sevimli şou” verilişinin aparıcısı Mikayıl bəyə ithaf edirəm
 
Səmimisən, mehribansan,
Könlün açıq, üzün gülər.
Şən, qayğıkeş bir insansan,
Dilin oxşar, gözün gülər.
 
Sadəliyin bəzək, zinət,
 “Sevimli şou” verir şöhrət,
Sən edirsən şirin söhbət,
Hər söhbətin, sözün gülər.
 
Musiqidir can cövhərin,
Canlı ifa söz gövhərin.
Düşündükcə dərin-dərin,
Çəmənlərin, düzün gülər.
 
Canlı ifa qanadında,
Hər mahnının öz dadında,
Fonoqramsız, düz adında
Tar-kamanın, sazın gülər.
 
Şən musiqi ağuşunda,
Həm yayında, həm qışında,
Solmaz Şirin alqışında
Sənlə oğlun, qızın gülər.