Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!

SƏNSİZLİK

Mərhum anama

Sənsiz bu dünyada qala bilmirəm,
Sənsiz varlığım, san, od tutub yanır.
Gözümdə qaralıb işıqlı dünya,
Yetim qalan canım oda qalanır.

Hara getsəm belə, qəlbim açılmaz,
Sızlayır, inləyir, dinclik verməyir.
Dözümüm qalmayıb hicrana daha,
Gözüm hey axtarır, səni görməyir.

Gəlib sığınıram məzar daşına,
Köhnə qəbristan tək qəlbim sökülür.
Axır qana dönən gözümün yaşı,
O sarı güllərin üstə tökülür.

Mərmərə həkk olmuş dolu gözlərin
Dikilir gözümə o baxdığın tək.
Dodağında donub qalıb sözlərin,
Bir kəlmə gözləyir sinəmdə ürək.

Güc, qüvvət alıram ziyarətindən,
Dolub-boşalıram buludlar kimi.
Təsəlli alıram qiyafətindən,
Baxaraq anama elə var kimi.

Ziyarətçilər

720443

MƏNİM ANAM

Adı bahar bənövşəsi,
Özü bahar müjdəsidir.
Elimizin bülbül səsi,
Evimizin nəğməsidir.

Üz-gözündən Günəş doğur,
Ay işığı, mənim anam.
Mehribanlıq və sadəlik
Yaraşığı, mənim anam.

Azərbaycan qadınının
İsməti var üz-gözündə.
Onun qartal qanadının
Kölgəsi var yer üzündə.

Şükür edir, razı qalır
Allahından mənim anam.
Keçə bilir çoxlarının
Günahından mənim anam.

Müqəddəsdir mənim anam-
Övladıyçın yanır hər an.
Mən analar tanıyıram-
Övladını çölə atan.

Zahirini tamamlayır
Daxilinin gözəlliyi.
Yaxşı duyur, tez anlayır,
Məlum olur əsilliyi.

İncəsənət aləmini
Yaxşı duyur gözəl anam.
Elmini və alimini
Uca sayır əzəl anam.

ANA DİLİM

Yüz min dillər içində seçilir ana dilim,
Hamısından şirindir, əzizdir doğma dilim.
Anamdan götürmüşəm mən bu dilin binasın,
Ondan doğma olarmı başqa millət anası?!

Ana dilim qədimdir, ana dilim zəngindir,
Onu mənimsəməyən didərgin və qəmgindir.
Nə qədər dillər bilsəm, ondan doğma görmərəm,
Onun bir dırnağını özgə dilə vermərəm.

Nə qədər dillər bilsəm, şerim gəlir bu dildə,
Təbim coşur anamın öyrətdiyi qəbildə.
Anamızı qoruyaq, dilimizi qoruyaq,
Əyilməyə qoymayaq, olaq sipər və dayaq!

AZƏRBAYCAN ƏSGƏRİ

Xalqın vuran ürəyi,
Ölkənin nər dirəyi,
İti görən gözləri,
Azərbaycan əsgəri!

Aylı gecə sirdaşı,
Ulduzlar nur yaddaşı.
Qalib açır səhəri,
Azərbaycan əsgəri!

Əcdadını anmısan,
Candan əziz sanmısan
Sən mərdliyi, hünəri,
Azərbaycan əsgəri!

Hərb libası əynində,
Çox yükün var çiynində -
Yağılar var elində.
Qoyma qala əsəri,
Azərbaycan əsgəri!

Allah sənə yar olsun –
Düşmənlərin xar olsun.
Vur Koroğlu ləngəri,
Azərbaycan əsgəri!

YAŞA YAŞADARAQ

Şağan pansionatının həkimi Dilşad Qasımovaya

Əynində ağ xalat, əlində şəfa,
Mehriban, səmimi, şən Dilşad həkim.
Geniş ürəyində sədaqət, vəfa,
Yaşa, yaşadaraq sən, Dilşad həkim!

Sən şəfa verərək alırsan səfa,
Bundan artıq olmaz xoşbəxtlik daha.
Allahdan arzumdur: görmə bir cəfa,
Yaşa, yaşadaraq sən, Dilşad həkim!

Qəlbində sonsuzdur insaf-mürüvvət,
Taqətsiz dizlərə verirsən taqət.
Xalqına edirsən qüvvəncə xidmət,
Yaşa, yaşadaraq sən, Dilşad həkim!

Sağlam bədəndə də sağlam ruh olur,
Sağlam olan həyat eşqiylə dolur.
Sağlam bəniz xəstə ruhla tez solur,
Yaşa, yaşadaraq sən, Dilşad həkim!

Ana qayğısıdır səndəki qayğı,
Sənə xəstələrdən böyükdür sayğı.
Solmazda oyatdın ilhamlı duyğu,
Səni şeirimlə edim şad, həkim,
Yaşa, yaşadaraq sən, Dilşad həkim!

SABAHIN GÖZÜ

Sabahın gözləri nazla açılmış,
Seyr edir o dağı, çəməni, düzü.
Duman çiçəklərin üstə asılmış,
Ləçəkdə jalələr oxşayır gözü.

Bu göylər necə də gözəldir!- dedim,
Sabahın qoynunda min işvə, min naz...
Dünya başdan-başa sirli nağıldır,
Bu sirri, mənanı duymamaq olmaz!

Sabah gözlərinin nurunu böldü,
Qırdı qaranlığın zülmət buxovun.
Onu salamlayan çəməndi, çöldü,
Çəkdi ruzigarın, selin cilovun.

BAHAR LÖVHƏLƏRİ

Təbiətin gözəl qızı yaz gəldi,
Mövsümünə yeni libas gətirdi.
Ağaclara gül - çiçəklər səpdirib,
Yamaclarda yaşıl xalça bitirdi.

İsti nəfəs gəldi, sanki yeni can
Bəxş etdi ayılan çölə- çəmənə.
Yağışlar yağdırdı, bərəkət verdi
Vətən torpağına, daşına yenə.

Suların bağrına şüalar saçdı,
Çaylar da sevincdən çağladı, daşdı.
Dəniz qollarını həsrətlə açdı,
Oyanmış ləpələr sahili aşdı...

Göllər Günəş üçün yaman darıxmış,
O göy gözləriylə göylərə baxır.
Günəş də sevinir - yola düşdü qış,
Sevinclə oyanmış gözləri axır.

Bülbül daha dözmür bu intizara,
Tikanlı güllərin başına dönür.
Çırpınıb son qoyur bu ahu - zara,
Nəhayət, qovuşur, həsrəti sönür.

Bahar nəfəsiylə, hərarətiylə,
Cücərdir, göyərdir çölü, çəməni.
Öz həyat eşqiylə, məhəbbətiylə
Yaşamaq eşqinə çağırır səni!

QORU İNSANLIĞI

Qəlbinin qapısın sən aç taybatay
İnsanlar üzünə, qəlblər gözünə.
Özündən böyüyü, həm kiçiyi say,
Baxma naxələfin nadan sözünə.

Birinin səhvini filə döndərib
Ötürmə dillərdən-dillərə əzbər.
Onu şad qəlbinə vurduğun zədə
Göydən yerə çaxar, əridər, əzər.

Yalanlar, böhtanlar ilanlarını
Dolama günahsız insan boynuna.
Allah uydurduğun yalanlarını
Hərləyib-fırlayıb tökər qoynuna.

Ləzzət al birinin dirçəlməsindən.
Qəlbinin qapısın qıfılla möhkəm –
Sevinmə kiminsə kiçilməsindən,
Buraxma şeytanı göstərə ötkəm!

Öyünmə vəzifən, izzətin ilə,
Vəzifə, şan-şöhrət köçəri quşdur.
Öyün insanlığın, sənətin ilə,
İnsanlıq, əqidə daim qalmışdır!

BAKI

Gözəl diyarımın gözəl paytaxtı,
Bəxtəvər gözəl tək yazılmış baxtın,
Qara qızıldandır təməlin, taxtın, 
Gözəllər gözəli, canımsan, Bakı,
Şərəfim, şöhrətim, şanımsan, Bakı!

Sinəndə açılıb güllər, çiçəklər,
Bülbülə hay verir tər-tər ləçəklər,
Xəzərin dalğası, qırçın ətəklər.
Gözəllik diyarı, sultansan, Bakı,
Sən qədim olsan da, cavansan, Bakı!

Ana tək verərək sən məhəbbəti,
Qoynuna alırsan hər bir milləti.
Sülhün carçısısan, eşqin zinəti,
Sinəndə körpülər, binalar qalxır,
Hər yanın parlayır, nur seli axır!

Gözəl

Əsil gözəlliyə uymaq gözəldir,
Gözəlin ədası, nazı gözəldir.
Gözəldə gözəllik duymaq gözəldir,
Onu gözəl edən nazlı gözlərdir.

“Gözələ savabdır baxmaq”, bu qüdrət,
Gözəllər ürəyə şəfa verirlər.
Ruhlara nur, işıq, qollara qüvvət,
Beyinə, damara qida verirlər.

İlahi yaradıb, gözəl gözəldir,
Dili şirin olsa, o, lap mələkdir.
Qəlbi gözəl olsa, əsil gözəldir,
Zahirlə daxili tamam gərəkdir.

ZƏHƏR BADƏSİ

Dilin itiliyi bıçaqdan iti,
Onun yarasına məlhəm tapılmaz.
Sağalar ən dərin bıçaq yarası,
Dil vuran yaralar əsla sağalmaz.

İlan zəhərinə tez olar əlac,
Dillərin zəhəri ən güclü zəhər.
Dillə zəhərlənən qalar naəlac,
Bir anda qanına, canına çökər.

Nə boyda bədənlər, ruhlar öldürür
O bir qırıq tikə, yoxdur çarəsi.
Allahdan istəyim, diləyim budur:
Yox olsun dillərin zəhər badəsi.

GÖYÜN HƏSRƏTİ

Könlüm göylər istəmişdi...
Budur, göydə uçuram mən.
Allah qanad verməmişdi,
Gümüş qanad üstündəyəm.

Hər qatını gördüm göyün,
Günəşini seyr elədim.
Dəli könlüm, sən bir öyün,
Bu göyləri dövr elədim.

Gözəl gördüm yeri göydən,
Göy gözüylə baxdım yerə.
İndi bildim mən, bəs nədən
Vurğundu göy yerə belə.

Göylər kimi mən baxıram,
Doyammıram yerdən hələ.
Buludlar tək hey axıram,
Gözləyirəm, sonu gələ.

Topa-topa tüstülərdir,
Axır göydə ağ buludlar –
Göyün yerə həsrətindən,
Yanğısından doğulublar.

Bayaq səma tüstüsünün
Üzərində uçurdum mən.
Gümüş qanad yardı, keçdi,
Xəyalımı uçurdum mən.

İndi bulud qaldı üstdə - 
Tüstü deyil, ağ buluddur.
Yer nə bilsin, göy can üstdə,
Həsrətindən qovrulubdur.