Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!

Ziyarətçilər

640240

ÜRƏYİMƏ NƏSİHƏT

Bacara bilmirəm mən ürəyimlə,
Elə dediyini o deyib durur.
Elə bil, bir canda deyil mənimlə,
Mən nala vururam, o, mıxa vurur.

“Zər qədrini zərgər bilər”,- deyirlər,
Aldanma nadanın kəm sevgisinə.
Könül, gərək olsun candan sevən ər,
Hərdəmxəyal üçün yar sevgisi nə?

Nəsihət verirəm sənə, qulaq as:
Qədir-qiymətini sən uca saxla.
Bunu qulağına sırğa kimi as:
Namərdin sevgisi özü tək saxta.

Bağlanma hər dilli-dilavərə sən,
Aldanıb olarsan “sevgi” qurbanı.
Hər şimşək yağıntı gətirməz əslən,
Götür aramıza girən tufanı.

MƏHƏBBƏT OLMASA

Nə yaxşı məhəbbət varmış dünyada,
Bütün bəşəriyyət borclu bu ada.
Yoxsa bu kainat bir daş olarmış,
Qanadı qırılmış bir quş olarmış.

Məhəbbət bağbandır, qəlblər bağbanı,
Hər qəlbin bağbanı onun sultanı.
Məhəbbət olmasa, qəlblər bağ olmaz,
Bağbanı olarsa, güllər saralmaz.

Məhəbbət aşırdır qəlbi dağları,
Sevir, ovundurur qəlbidağları.
Məhəbbət olmasa, sönər bu həyat,
İnsanın gözündə donar kainat.

Məhəbbət yaradan, məhəbbət quran,
Məhəbbət heç nədən hər şey doğuran.
Məhəbbət olmasa, olmazdıq biz də,
Toxumu səpilib hər birimizdə.

KÜLÜM QALAR

Yaman darıxmışam, yaman, əzizim,
İsti nəfəsinçin, şirin səsinçin.
Qoyma ki, saralsın, solsun bənizim,
Olmasın yanımda olmadığın gün.

Qəlbimdə, gözümdə olursan hər gün,
Qəlbim əzizləyir, gözüm oxşayır.
Sevgi nəğməsilə dolursan hər gün,
Ruhum sığal çəkir, sözüm oxşayır.

Qorxuram sənə çox alışmağımdan,
Budaqda saralmış bir gülüm qalar.
Qorxuram odundan alışmağımdan,
Elə yanaram ki, bir külüm qalar.

Qalmışam dağ ilə daş arasında,
Dağamı söykənim, daşamı dönüm?
Qəlbim məhəbbətin dağ yarasında,
Nə daşda güc qoyar, nə dağda dözüm.

AĞLIM ÜRƏYİMƏ HÖKM EDƏ BİLMİR

Ağıl deyir: unut, ürək – unutma,
Qalmışam bu iki daş arasında.
Ağıl qılınc çəkir ki, ürək susa,
Qalmışam bu iki daş parasında.

Kölgəm tək gəzirdin izimə düşüb,
Məni görməsəydin, dəli olardın.
Enişli-yoxuşlu yolları aşıb,
Kol, ağac dibində tənha qalardın.

İndi bəs nə oldu, geriyə döndün?
Söndürdün alışan “məhəbbətini”,
Uca bir dağ idin, dərəyə döndün,
Endirdin qarışan məhəbbətini.

Ürəyim çox uyub nakam sevdaya,
Hicran atəşindən açılmır, gülmür.
Naləsi qalxıbdır Günəşə, Aya...
Ağlım ürəyimə hökm edə bilmir.

NİYƏ SEVDİN?

Ay ürək, səndə bu görünməmişdi,
Səni sevməyəni sən niyə sevdin?
Bu, sənin başına gələn nə işdi?
Axı, çox mətindir, sadiqdir sevgin.

Cavabsız sevgidən dad-aman, Allah!
İnsanı kiçildər, sevgini əyər.
Qalxar asimana min nalə, min ah,
Verilməz həyata, arzuya dəyər.

Ey könül, sığınma sevdasız qəlbə,
Sevdasız nə bilər sevdalı qədrin?
Uysan səriştəsiz, sədasız qəlbə,
Allah özü versin təmkinin, səbrin!

SEVMƏ, AMANDIR

Səni sevməyəni sevmə, amandır,
Həyatın məngənə olar canına.
Cavabsız məhəbbət oddan yamandır,
Yanğılar, alovlar dolar qanına.

Yerə-göyə sığmaz sevgili canın,
Ulduzlardan, Aydan imdad istərsən.
Bütöv ilə dönər hər bircə anın,
Özün də özünü itirərsən sən.

Salma ürəyinə bir şövqsüz qəlbi,
Yanar ürəyini o üşüdəcək.
Axı, neyləyirsən o zövqsüz qəlbi?
Hansı ki qəlbinə dərd daşıdacaq.

Vermə mərd qəlbini namərd əlinə,
Ondakı qəlb deyil, soyuq zindandır.
Salma şad qəlbini dərd-qəmə yenə,
Axı, o yenicə sökülmüş dandır!

Qıyma sevgisizə sevgili qəlbi,
Əyilər, qırılar incə budağı.
Sevgisiz bilərmi sevgili qədri?
Əridər sevgidən yaranmış dağı.

Sevgisiz qəlblərin qiylü qalı var-
Qul edər özünə sevgili qəlbi.
Azadlıqdan şirin nemət nə olar?
Sanma namərdi də sən o mərd kimi.

SƏNİ GÖZLƏYİRƏM

Tənha bir adadır kimsəsiz könlüm,
Bir ağ yelkənim yox, yelkənim ol sən.
Səni gözləyirəm illərdən bəri,
Dənizdə, dəryada sükanım ol sən.

Yağsın məhəbbətin cadar könlümə,
Qoyma dil-dodağım yanıb tökülsün.
Məhəbbət yağışı yağdır gülümə,
Qoyma könlüm evi uçub sökülsün.

Qaranlıq zindanda saraylar yarat,
Məhəbbət çırağı as sütunundan.
Yaman vəfasızdır bu zalım həyat,
Könlümün sarayı olmasın viran.

YAD ET MƏNİ

Göyü bulud seyr edəndə,
Yağış pənah gətirəndə,
Yolu çaya döndərəndə,
Sən yelkən ol, yad et məni.

Duman tüstü ələyəndə,
Göz gözü heç görməyəndə,
Çən dağları bələyəndə,
Damla şeh al, yad et məni.

Tufan, boran yetişsə də,
Külək, çovğun göz deşsə də,
Hamı məndən yan keçsə də,
Sən həmdəm qal, yad et məni.

Şimşək çaxsa, göy gurlasa,
Leysan töksə, çaylar daşsa,
Göy tökülsə, dağlar aşsa,
Sən qanaq çal, yad et məni.

MƏHƏBBƏT

Harda qaldın, ey məhəbbət!
Ömür artıq olur yarı.
Buna dözmür daha həsrət,
İnsaf eylə, tez gəl, barı!

Gecmi, tezmi, gələcəksən
Dəf edərək intizarı.
İnanıram, həqiqətsən,
Yaşadırsan insanları.

Geciksən də, sən yazımsan,
Yarımcanam, yoxdur param,
Qanadsızam, qanadımsan,
Sən olmasan, uçammaram.

Sənsiz mənə cahan dardır,
Xilas elə məni dardan.
Qəlbim evi intizardır,
Qurtar məni intizardan.