Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!

Ziyarətçilər

595958

QURD ÜRƏYİ YEMİŞDİ NƏR QƏHRƏMAN

Milli Qəhrəmanımız Mübariz İbrahimova ithaf edirəm.

Allah şəhid yaratmış bu Qəhrəman övladın,
Şəhidlik zirvəsinə yüksəltmiş uca adın.

Layiq bilmiş Mübariz adını ata-ana,
Mərd adını doğruldan mübariz övladına.

Vətənini, xalqını uca tutdu canından,
Bu məhəbbət yolunda keçdi özəl qanından.

Qurd ürəyi yemişdi, sanki o, qurd oğluydu,
Onun bu mərd ürəyi kin, qəzəblə doluydu.

O gözləyə bilmədi hücum sərəncamını,
Düşmənin naqisliyi doldurdu səbr camını.

Əlində bir silahla və təkcəcə canıyla,
Hücum çəkdi düşmənə Allahın amanıyla.

Şəhid olmaq onunçun zirvələrin naxşıydı,
Qorxaq tək yaşamaqdan qoçaq ölmək yaxşıydı.

Qəfil hücum çəkərək, o, sərhədi keçərək,
Böyük zərbə endirdi, çox düşmən qırdı gerçək.

Qeyrəti götürmürdü, qeyrətsiz ermənilər,
Halalca yurdumuzdan yağdırsınlar mərmilər.

Solmaz çox fəxr eyləyir mərd Vətən övladıyla, 
O, əbədi yaşayır nər Qəhrəman adıyla.

EŞQ NƏ QƏDƏR GÜCLÜ OLSA

Eşq nə qədər gizli olsa, bir o qədər sirli olar,
Gözə gəlməz, pis nəfisdən, bədnəzərdən uzaq qalar.

Eşq nə qədər sirli olsa, bir o qədər güclü olar,
Eşq bu qədər güclü olsa, nə saralar, nə də solar.

Eşqə sadiq olsaq əgər, iki könül bir döyünər,
İki könül bir vurğuyla həm döyünər, həm öyünər.

Aramıza buraxmasaq həm şeytanı, həm əğyarı,
Bütöv qalar bu sevdamız, o kəm olub qalmaz yarı.

Biz əl-ələ verib əgər çıxsaq eşqin yollarına,
Əhdü peyman sabit olar, qüvvə gələr qollarına.

Qədrini bil məhəbbətin, sədaqətin hər an, Solmaz,
Bu aşiqdən, məhəbbətdən qismətində bir də olmaz.

YOLA SALDIĞIMIZ İL

Bir il öncə təzəydi, indi oldu köhnə il,
Bir illik ömrü ilə verdi böyük bəhrə il.

Keçən il gözləyirdik, indi yola salırıq,
Özünün iz qoyduğu xatirəylə qalırıq.

Təzə nə var, köhnəlir, hökmüdür təbiətin,
Tarixlərin yoludur, anlamaq deyil çətin.

Təzə il köhnə olub həkk olunur tarixə,
Hər bir ayı, hər günü olur şanlı səhifə.

Təzə il gəlişiylə etsin bizi bəxtiyar,
Çiçəklənsin arzular, gəlsin eşqə duyğular.

Olsun bu zəfər ili, qoy Qarabağ alınsın,
Qızıl Qələbə ili tarixə həkk olunsun!

SƏNLƏ

Sənlə keçən bircə anım bir mənalı ilə dəyər,
Sənin o saf məhəbbətin verir ömrə-günə dəyər.
 
Xilas etdin tənhalığın caynağından məni zatən,
Qoşa uçan qartal kimi ucalıram səninlə mən.
 
Sən başımın tacı oldun gələn gündən həyatıma,
Məna verdin eşqin ilə dəqiqəmə, saatıma.
 
Çin səddi tək söykənməyə polad kimi sütunun var,
Dağlar misli sal kürəyin düşmənlərə sipər olar.
 
Göydə Allah, yerdə sənsən qibləgahım, səcdəgahım,
Sənlə tapıb rövnaq mənim həm bu günüm, həm sabahım.
 
Qara günüm ağ olubdur əl çatanı dərgahına,
Sən ellərə nur saçırsan hər yetəndə pənahına.
 
Sənsiz keçsə bircə çağım, xəzan olub solar bağım,
Zirvəsindən qartal köçmüş dağa dönər uca dağım.
 
Otellodan daha artıq səndə vardır qısqanc əsər,
Solmaz elə “qatil”dir ki, xəyanətin başın kəsər.

İLHAM VERİR XALQIMIZA

Möhtərəm prezidentimiz İlham Əliyevin ad günü münasibətiylə

İlham azad ölkəmizdə rəhbər olan gündən bəri,
Zirvələri fəth eləyir kamalının hər əsəri.
 
Bu layiqli oğlu ilə fəxr eləyir Azərbaycan,
Ayaq qoyub gəzdiyi yer olur abad bir gülüstan.
 
Şəhərlərin, rayonların o dəyişdi simasını,
Əyan etdi səyi ilə gözəlliyin mənasını.
 
Bakı-Ceyhan, Qars-Ərzurum yolun çəkdi ulu Heydər,
Bu yollar çox mətanətlə fəth elədi əldə zəfər.
 
İlham verir xalqımıza İlhamdakı hünər, ilham,
Vardır belə sərkərdəyə ölkəmizdə böyük inam.
 
Diplomatlar dünyasında indi onun adı vardır,
Onun müdrik dühasından bütün dünya xəbərdardır.
 
Ulu Heydər dühasını yaşadaraq yaşayır o,
Ləyaqətli xələf kimi öz adını daşıyır o.
 
Gün olsun ki, siyasəti azad etsin torpaqları,
Sevindirsin bu möhtəşəm əməyiylə dostu, yarı.