Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!

QURBAN OLUM, İLAHİ!

Qurban olum, İlahi,
Sənin gözəl adına.
Yetirsən hər bəndənin
Köməyinə, dadına.

Sənin yolun haqq yolu,
Səsin haqqın səsidir.
Eşqin, o saf varlığın
Bəndələrin bəsidir.

Bu dünyanın şahısan,
Yaradansan, quransan.
Götürmürsən ahı Sən,
Zalımları vuransan.

Əməlinə hər kəsin
Qiymətini verirsən.
Ürəyini hər kəsin
Oxuyursan, görürsən.

Gizli olsa hamıdan,
Səndən gizli olan yox.
Fikirləri, sirləri
Səndən özgə bilən yox.

Ziyarətçilər

645832

ALLAHA MÜRACİƏT

Sənə yalvarıram, ey ulu Tanrı,
Qardaş qırğınına yol vermə bir an.
Sülhün işığına yönəlt onları,
İnsanla insan tək davransın insan.

Bir də ağlamasın cahanda bəşər,
Ondan uzaq olsun hər bəla, hər şər.
Şeytana uymasın qara qüvvələr,
Olsun bu dünyada bəşər(insan) şadiman.

Ya Allah, hamının beyninə yerit,
Olsun əməlləri saleh bir igid.
Ya Rəbbim, bir də bu duamı eşit,
Bəndələr oxusun Kitabi-Quran.

Bilsin, bu dünyada nə etməlidir,
Necə yaşamalı və getməlidir.
Bilsin, axirətə o yetməlidir,
Sən, ey xəlq eyləyən Xaliqi-Sübhan!

Bu gün bu dünyada qazansın hörmət,
Sabah da köçəndə desinlər “rəhmət”.
Üryan gedəcəkdir, olsa da dövlət,
Dünya bizim deyil, bizimdir dövran,
Yerit yaddaşlara, sən ey Yaradan!
Solmazın duasın eşit, ya Sübhan!

YA GÜLDÜR, YA ÖLDÜR

Allah, yaratmısan yaşayım, gülüm,
Yaratmamısan ki, dərd-sərdən ölüm.

Dərdə yem üçünmü verdin canımı?
Qaraltmaq üçünmü verdin qanımı?

Yaratdın qəlbimi geniş bir meydan,
Boş qoyub eylədin yalqız, sərgərdan.

Heç kim sığışmadı böyük qəlbimə,
Yarayan olmadı şair təbimə.

Tənhalıq sazağı qanım dondurur,
Ürəyim vurmayır, dayanır, durur.

Çöldə yaz, yay keçir, cızhacız olur,
Qəlbimi isitmir, buz qaya qalır.

Demək, yaşamıram, tək mövcudam mən,
Asılmış pərdəni götür gözümdən.

Demək, kam almıram, sürünürəm mən,
İlanlıq xislətin götür üstümdən.

Allahım, ya güldür, ya öldür məni,
Üstümə güldürmə dostu, düşməni.

Allahım, ya yaşat, ya öldür, barı,
Bu haqdır, Səndədir qismət açarı!

ALLAH VERSİN

Almasın əlimdən Allah qolumu,
Bu əli o ələ möhtac etməsin.
Qardaşı, bacını, əziz qohumu
Evində sağ etsin, tərac etməsin.
 
Bu evin işığı o evə düşmür,
Hər evin özünün çırağı olsun.
Bu evin xörəyi o evdə bişmir,
Hərənin kisəsi, ruzisi dolsun.
 
Allahın adıyla göyə ucalaq,
Onun bəndəsinə ağız açmayaq.
Allahın özünə ümidvar olaq,
Bəndə kimdir, ona əlimiz açaq?!
 
Bəndə verdiyinin dalınca baxır...
Allah verdiyini halal görəndir,
Bəndəsə, hardasa,  başına qaxır.
Allah yaradandır, Allah verəndir.!

ALLAH ETSİN

Kim verməyir, heç verməsin,
Allah versin qiymətimi.
Kim görməyir, heç görməsin,
Allah görsün niyyətimi.
 
Kim saymayır, heç saymasın,
Allah saysın savabımı.
Halal yeyim, halal gəzim,
Halal alım cavabımı.
 
Kim dalaşsa, kim savaşsa,
Qisas almaq istəmərəm.
Divan üçün, qisas üçün
Allahımdan dad istərəm.
 
O yaratmış bəndələri,
İxtiyar da əlindədir.
Allah adı, Allah eşqi
Ürəyimdə, dilimdədir.
 
Mən kiməm ki, o Yaradan
Bəndəsinə divan tutam?
Mən kiməm ki, O, var ikən
Yaranmışa ziyan tutam?
 
Allah birdir, bəndəsi çox,
Olaq onun nəzərində.
O görəndir cüzi səhvi
Hər bəndənin əsərində.
 
Gec eləyər, güc eləyər,
Səbri çoxdur Allahımın.
Təkdir Allah, birdir Allah,
Misli yoxdur Allahımın!

TANRININ QÜDRƏTİ

Tanrı açmayıbdır insana sirri,
Özü yaradıbdır, xisləti bəlli.
İnsanın əlində olsaydı dünya,
Nə hala düşərdi, qisməti bəlli!
 
Hər kəsi yaradıb, bəxş edib həyat,
Qiyamətə qədər veribdir möhlət.
Hər kəsi sınayır, imtahan edir,
Sonda bəlli olar Cəhənnəm, Cənnət.
 
Qisası qoymayır O, Qiyamətə,
Hər kəsin əməlin çəkir qiymətə.
“Qurani-Kərim”i göndərib ki, O,
Bəndələr qovuşsun islamiyyətə.