Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!

Könül sevinci

Solmaz xanım Şirinə Əzizə Ağahüseynqızından xatirə

Daha bu lalənin yanağı solmaz,
Daha bu lalənin budağı sınmaz,
Daha bu lalənin bağrı qan olmaz,
Öz könül sirdaşın tapandan bəri.

Unudub düyünlü ilin sayını,
Sayır xoş gününü, sayır ayını.
Könül sevincini, könül payını
Tanrının əlindən qapandan bəri.

Sevindi, əl açdı ulu dərgaha,
Son qoydu hicrana, son qoydu aha.
Güldürər Solmazı, ağlatmaz daha,
Tanrım bu işləri yapandan bəri.

**************************************
Bu ad günün mübarəkdir 

Solmaz xanıma ad günü münasibətilə Sənəm Səbaeldən ithaf

Bu gün sənin ad günündür, mən də təbrikə gəlmişəm,
Bu sözlərdən çələng hörüb mən də sənlə yüksəlmişəm.
Əl açıb Haqq dərgahına sənə dua olmuş peşəm,
Bundan sonra söz mülkündə daha çox et pərvaz, xanım,
Bu ad günün mübarəkdir, ay sevimli Solmaz xanım!

Arzum budur bundan belə görməyəsən göz yaşı sən,
Ətrafında cəm edəsən dostu, yarı, yoldaşı sən.
Gör nə kamil bir insanın ömrünə gün yoldaşısan,
Ucal eşqin zirvəsinə, elə pərvaz, Solmaz xanım!
Şad ömrünün dörd fəsli də qoy olsun yaz, Solmaz xanım!

Gözlərin bir dərin dərya, sözlərin şəkər kimidir,
Əsmər alnında tellərin ətirli ənbər kimidir.
Kipriyin cana qəsd edir, hər biri xəncər kimidir,
Qaşlarının tiği kəsər, nizamı pozulmaz, xanım,
Bu ad günün mübarəkdir, ay sevimli Solmaz xanım!

Girib eşqin dəryasına qəvvas kimi dürr tapmısan,
Ustad Həkim Qəni kimi bir qibləgah, pir tapmısan,
Gündüz Günəşdən ziyanı, gecə Aydan nur tapmısan.
Təbi gözəl, şeri rəvan, Şirin avaz, Solmaz xanım,
Xoşbəxt ömrü yaşadıqca sən yenə yaz, Solmaz xanım,
Ucal sənət zirvəsinə, elə pərvaz, Solmaz xanım!

**************************************
ÖMRÜNÜ SÜR BAHAR İLƏ, YAZ İLƏ 

HƏCƏR QƏBƏLƏ

Solmaz xanımın ad günü və kitabının təqdimatına həsr edirəm.

Gözələ yaraşan işvə, naz olar,
Sən danışsan, bülbül coşar, yaz olar.
Solmaz xanım, tərif desəm, az olar,
Mən hüsnünə nəğmə qoşum saz ilə.

Həkim Qəni əyri-düzü qandıra,
Şeytan dilin odlu sözlə yandıra,
Bu məclisdən qanmaz adam yan dura,
Yetsin ömür doxsan ilə, yüz ilə.

Mən sərrafam, tükü tükdən seçərəm,
Dost yolunda oddan desən, keçərəm.
Səni qəlbən təbrik edən Həcərəm,
Ömrünü sür bahar ilə, yaz ilə. 

***************************************

Sonuncu olmasın

Firudin Şahbuzlu

Solmaz xanımın “Solmaz çiçəklər” kitabının təqdimatı münasibətilə

Kitab yazmaq şairlərdə həvəsdir,
Səninkilər qəlbdən gələn bir səsdir.
Bu kitaba Həkim Qəni qol çəkib,
Bizim buna tərifimiz əbəsdir.

Arzuların çiçək açsın, solmasın,
Sinən dolsun, səbir kasan dolmasın.
Solmaz xanım, budur sənə arzumuz:
Bu sonuncu bir kitabın olmasın.

*******************************

Həkim Qəni

İstərdim, a şux, sevgili cananım olaydın,
Mən ruhi-rəvanın, sən isə canım olaydın.

Eşqin dili-zarımdakı aruzuvü dərdim,
Sən isə könül dərdinə dərmanım olaydın.

Sənsən üzü gül, sovti gözəl bülbüli-şeyda,
Mən şer yazam, sən də qəzəlxanım olaydın.

Mən eşq səmasında sənin sayeyi- peykin,
Sən isə mənim afəti-dövranım olaydın.

Can verməyə payində çəkərdim hələ minnət,
Tək layiqi ol Rovzeyi- Rizvanım olaydın.

Zülfün tək öpərdim o əlindən, ayağından,
Solmaz deyə sən tək mənə cananım olaydın.

Sinəndə nə dərdü mihənin varsa, alardım,
Tainki özün eşqdə Loğmanım olaydın.

Bir ömrümü bir anına ithaf eliyərdim,
Hər anına bir ömrcə imkanım olaydı.

Qul tək satılardım, Qəni, Yusif kimi mən də,
Hər kahi Züleyxa kimi sultanım olaydın.

**************************************

Həkim Qəni

İçrə

Sən bizim ellərin dilbər qızısan,
Olmaz bərabərin gözəllər içrə.
Lalə yanaqların lalədən gözəl,
Mislin yoxdur hüsni-əzəllər içrə!

Azadə xəyallı, natiq şairə!
Zəmanə görmədi bənzərin hələ.
Şeyda bülbülləri gətirdin dilə,
İndi yeganəsən bu ellər içrə!

Rəvan təbin vardır, rəvan şeirin,
İncə məntiqində mənalar dərin.
Necə də bilirsən hər sözün yerin,
Xəyalın ucadır qəzəllər içrə.

Allah xoş günündə yaratmış Səni,
Nəcib çatdırırsan könlün deyəni.
Irmaq tək natiqən sarsıdır məni,
Möhkəmdir özülün təməllər içrə!
Adını ucaltdın bu ellər içrə!

 

 

Ziyarətçilər

677599

Solmaz Şirinə həsr edilmiş məqalələr və şeirlər

“Ədalət” qəzeti, 20 noyabr 2014

Qarşımdakı  kitab   

Qarşımda bir kitab var –“Solmaz çiçəklər”dir adı bu kitabın. "Qızıl kitab" mükafatı almışdır bu kitab. Müəllifi Solmaz Şirindir (Solmaz Qədimalı qızı Şirinova). Bu ad mənə çoxdan tanışdır və mənim üçün çox əzizdir. Çünki gözəl tələbəlik illərinin xoş xatirələri bağlıdır bu adla. Bu xanımla 1970-ci ildən tanışam. Bir institutda, eyni kursda, eyni qrupda təhsil alırdıq.

Xoş bir təsadüf baş verdi bu yaxınlarda. Düz 38 il sonra onun xoş səsini eşitdim. Sonra isə özünü, onun xoş üzünü gördüm. Çox sevindim və ruhum şad oldu. Bu təsadüf mənə yeni yaradıcılıq imkanları və ruh yüksəkliyi verdi.

Hadisə belə baş verdi: Bizimlə Ənvər adında Zaqataladan olan bir oğlan oxuyurdu. Qrup nümayəndəmiz idi. Savadlı, mehriban, gülərüz, mədəni və mərifətli bir oğlan idi Ənvər müəllim. O, indi sabiq məktəb direktoru, Zaqatala təhsil sahəsinin qabaqcıl pedaqoqlarından biri, məktəbdə tədris hissə üzrə direktor müavinidir. Mənim onunla ara-sıra əlaqələrim olurdu. Eyni zamanda, Astara rayonundan olan şair dostumuz və tələbə yoldaşımız Arif müəllim də bizimlə əlaqə saxlayırdı.

Günlərin bir günündə mənə bir telefon zəngi gəldi. Səsini tanımadığım bir qadın mənimlə yarızarafat bir söhbət edərək, məndən onun kim olmasını söyləməyimi soruşdu. Düzü, tanımadım ... Bir dövr keçdi.

Bir gün mənim işlədiyim “Zaman “ təhsil mərkəzinə orta yaşlı, yaraşıqlı bir qadın gəldi, məni soruşdu və görən kimi tanıdı. Lakin mən onu yaxşı tanıya bilmədim. Uzun müddət söhbət edəndən sonra, nəhayət, kim olduğunu mənə söylədi. Çox güldük və sevindik. O, az dəyişsə də, mən onun adını unutmuşdum.  

Nə isə ... Bu xanım həmin o Solmaz xanım Şirinova idi ...Yeni bir impuls, yeni bir abu-hava daxil oldu həyatıma. Yeni bir vüsal qondu içimə. Zi…

Read more

“Könül” qəzeti, 25 yanvar 2005-ci il

Qismətini gözləyirdin, bu da qismətin, gəlib çatdı, tale səni yavaş-yavaş sənətin içinə atdı.

Ötən günlərdə Vahid poeziya evində şairə Solmaz Şirinin yubileyi və “Solmaz çiçəklər”adlı kitabının təqdimat mərasimi keçirildi. Mərasimə şairənin yaxınları,    qohumları və bir çox sənətçilər dəvət olunmuşlar.

Təqdimatı Vahid poeziya evinin müdiri Şahin Verdiyev açdı. O, qonaqları salamlayaraq şairənin yubileyini və “Solmaz çiçəklər” adlı kitabının işıq üzü görməsinə görə onu ürəkdən təbrik etdi. Təqdimatın aparıcısı “Vahid musiqili-ədəbi şairlər məclisi”nin sədri Həkim Qəni idi. O, çox mehribanlıqla qonaqları salamlyaraq sözü musiqiyə, yəni hörmətli müğənnilərimizə verdi. Əlibaba Məmmədov, Zümrüd Məmmədova Solmaz xanımı təbrik etdilər və şairənin sözlərinə bəstələnmiş bir neçə mahnını ifa etdilər.  Tanınmış xalq artisti professor Canəli Əkbərov, İslam Rzayev, Sabir Mirzəyev, Təvəkkül Musayev,Rövşən Behcət, Səfa Qəhrəmanov və s. Solmaz Şirini təbrik edərək onun qəzəllərini ifa etdilər. Xalq artisti Teymur Mustafayev “Solmazım” mahnısını ifa etdi. Görkəmli şairimiz Ənvər Nəzərli bir neçə şeir söylədi.

Tarix elmləri doktoru, professor, şair, “Məcməyüs-şüarə” ədəbi məclisinin sədri Şahin Fazil də Solmaz Şirinə xoş sözlərini, xoş arzularını bildirdi və yazdığı şeiri oxudu. Vahid poeziya evinin bədii-qiraət ustası Həsən Həsənov və Tərlan Hüseynova Həkim Qəni ilə Solmaz Şirinin şeirlə deyişməsindən bir neçə parça söylədilər.

Daha sonra şairənin yaxınlarından Nəcibə Nəcib, Əzizə Abdülhüseynqızı, Qəşəng Qəmgin, Sənəm Səbail, Həcər Qəbələ, Firudin Şahbuzlu və s. şairəni təbrik edərək ona həsr etdikləri şeirləri və şairənin şeirlərindən nümunələr söylədilər.

Şairə-publisist Azadə Ta…

Read more

6 mart 2004-cü il “Kredo” qəzeti

Dağ çayına bənzəyən poeziya

Dünyada insanların möcüzə saydığı hadisələr var. Bu hadisələr bizi heyrətə gətirir. Təfəkkürümüz onları təhlil və həzm edə bilmir. Dəqiq izahını verə bilmədiyimizdən onları möcüzə kimi qəbul etməyə məcbur oluruq.

Məndən ötrü şeirin, şairliyin özü də möcüzədir. Təsadüfi deyil ki, şeiri bəzən Allahın səsi hesab edənlər də olur. Şairlik, doğrudan da, fitri qabiliyyətdir, Allah vergisidir. O da təsadüfi deyil ki, keçmişdə bəzi aşıqlara Haqq aşığı deyərmişlər.

Şeir, doğrudan da, vəhdən yaranır. Gözlənilmədən İlham Pərisinin mübhəm pıçıltısını qəlbimizlə eşidirik. Onun dilin mövcud qayda-qanunlarını, qrammatik normalarını pozaraq bizə çatdırılmalarını qanunauyğunluq kimi qəbul edirik. Adını şeir qoyduğumuz sirli-sehrli bu məfhum qəlbimizi heyrətə, ehtizaza gətirə bilir. Yayın qızmarında üşüdə, qışın soyuğunda isidə bilir.

Etiraf edim ki, məni məşğul edən bu düşüncələrin yaşantılarını bu günlərdə Solmaz Şirin adlı şairənin “Səni gözləyirəm” (2003) adlı kitabını oxuyarkən bir də yaşadım. Şair Zülfüqar Şahsevənlinin redaktoru olduğu bu kitabdakı bir tutarlı qafiyəsinə belə rast gəlmədiyim ilk sərbəst şeir (“Sənə ehtiyacım var”) məni necə tutdusa, kitabı axıradək oxumağa qərar verdim. Həmin şeirdə şair öz sevgilisinə olan ehtiyacını belə ifadə etmişdir:

                               Sənə ehtiyacım var –

                               balığın dəryaya,
                               quşun göy üzünə,
                               yarpağın yağışa
                               olan ehtiyacı tək.

Sən demə, qafiyəsiz də şeir olarmış. Sən demə, şeir qafiyəsiz də…

Read more

28 sentyabr 2003-cü il “Yeni Azərbaycan”qəzeti

Poetik sözün işığı

Dövrü mətbuatda imzasına rast gəldiyimiz Solmaz Şirin yaxın vaxtlarda “Qapp-poliqraf”nəşriyyatında yeni kitabını -“Səni gözləyirəm”şeirlər toplusunu çap etdirmişdir. Kitabı diqqətlə oxuyanda görmək olur ki, şeirlər başdan-başa duyğular selidir. Yəni, psixoloji-mənəvi və həyati olanlara duyğular pəncərəsindən səciyyəvi münasibət vardır. Solmaz Şirin mövzu və motiv olanları sanki öz qəlb aləminin işığında böyüdür, ona poetik siqlət aşılayır və oxucuya təqdim edir.

Şeirlərin səciyyəvi forma müəyyənliyi əsasən ənənəvidir. Hiss olunur ki, şairə klassik Azərbaycan ədəbiyyatının folklor qaynaqlarını dərindən bilir. Lirik növün ölən ənənəvi formalarında şeirlər yazır. Bu baxımdan, kitabdakı onbirlik və yeddilik formasında olan şeirlər fərqlənir. “Səni gözləyirəm”, “Sən gir ürəyimə”, “Elə yaşayaq ki” , “Amandı, əzizim”, “Gecikmiş məhəbbət”, “Duysun qəlbimi”və s. qoşma janrında, “İsit məni”, “Qismətimi gözləyirəm”, “Məhəbbət”, “Yad et məni”, “Köksümə sığmayır” və s. isə gəraylı formasındadır. Bu şeurlərin bənd və qafiyə quruluşu da ənənəvidir. Maraqlıdır ki, forma ənənəvi olsa da, ideya-məzmunun ifadəsi obrazlılıq baxımından yeni və təravətlidir. Hətta bəzi həqiqətlərini şairə epik-didaktik planda təqdim etməkdən çəkinmir. Bütün bunlar həyatın sərt həqiqətlərindən irəli gəlir.

Solmaz Şirin poeziyasının fərdi üslub keyfiyyətlərindən biri budur ki, şeirlərini lirik-psixoloji, mühakiməli-didaktik təhkiyədə oxucuya təqdim edir. Belə təhkiyədə etiraf, psixoloji məqamlar, ovqat və əhval-ruhiyyə, eləcə də, lirik müraciət, xitab, emfatik suallar qabarıq keyfiyyətdir. “Səni gözləyirəm”, “Sən gir ürəyimə”, “Oyan, bəxtim”, “Kömək ol köməksizə”, “Nə deyib yaratdın?”, “Nurla dol, ana”, “Niyə inciyim?” şeirlərinin adl…

Read more