Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!

Ziyarətçilər

595984

MÜSTƏQİLLİK BAYRAMI

Müstəqillik bayramındır
Bu gün sənin, Azərbaycan!
Xoşbəxt, gülər məqamındır,
Yoxdur tənin, Azərbaycan!

Bu gün sərbəst bir ölkəsən,
Qonşulardan sən öndəsən.
Uğuruna böyük əhsən!
Safdır şənin, Azərbaycan!

Dünyaya səs salıb adın,
Şərəf ilə sən ucaldın.
Dirəyindir hər övladın,
Ucal, mətin Azərbaycan!

Neftin, qazın bir məlhəmdir,
Düşmənlərə min ələmdir.
Dostlarına çox kərəmdir
Sədaqətin, Azərbaycan!

Günü-gündən ucalırsan,
Ucalıqdan öc alırsan.
Solmaz demir, qocalırsan,
Yeni, dərin Azərbaycan!

LONDONDAN DÜNYAYA YAYILDI SƏSİN

On beş avqust salnamədir
Azərbaycan diyarına.
İki qızıl medalçılar
Gəldi onun hüzuruna.

Uzun illər gözləyirdi
Ana Vətən bu şöhrəti.
Toğrul, Şərif verdi ona
Göstərərək dəyanəti.

Bütün dünya valeh oldu
Azərbaycan qüdrətinə.
Mərd bayrağı qalxdı göyə,
Şöhrət gəldi şöhrətinə.

Gözün aydın, Azərbaycan!
Uğuruna uğur gəldi.
Bütün dünya sənə heyran,
Var-dövlətin gəlhagəldi!

EY AZƏRİ TÜRKLƏRİ

Ey azəri türkləri,
Azərbaycan əsgəri!
Koroğlunun, Babəkin,
Nəbinin nəvələri!
Tarixə nəzər salın,
İbrətlərdən dərs alın.
Qəhrəmanlıq, şücaət
Mirasınızdır, əlbət.
Nələr görmüşük, nələr...
Yabançı, şər qüvvələr
Dosta düşmənlik etdi,
Qan su yerinə getdi.
Gah rus, gah da erməni...
Tanımadıq düşməni.
Başa düşən, qandıran,
Xalqı qanadlandıran
Sayıldı “xalq düşməni”.
Gah rus, gah da erməni
Qırıb, məhv etdi səni.
Şükür ki, ayıldınız,
Qalxdınız, ayrıldınız.
Dəf edib sovetləri,
Gəldi xalqın rəhbəri.
Yağlı tikə itirmək
Rusa dərd oldu, demək.
Ermənini tovladı-
Qarabağdan qovladı
Yerli, yurdlu türkləri
O rus ilə erməni.
Sən ey türkün əsgəri!
Müharibə illəri
Didərginlər, qaçqınlar
Qaldı yurda intizar.
Allaha şükür ki, siz
Türk əsgəri türksünüz.
Ordu yaradıb yeni
Özünüzə gəldiniz.
Dostla düşmən tanındı,
Haqqın hökmü anındı.
Alqışladıq biz sizi,
Qoruyun cəbhənizi!
İrəli, marş, irəli,
Məhv edək düşmənləri!
Qardaş qardaşı ansın,
Uca birlik yaransın,
Həqiqət budur ancaq-
Dirlik-birlikdədir haqq.
Xoşla olmasa, zorla
Qaytaraq torpaqları,
Vətən cəm olsun barı!

AZAD RESPUBLİKA, ADIN MÜBARƏK

İki yaşlı körpə ikən
Sən boğuldun, can vermədin.
Qəddar, qansız nadanlara,
Şeytansifət insanlara
Könül, həyat, qan vermədin.
Sən yenidən cana gəldin
Yeni ölkə, diyar kimi-
Abadlaşdın, gözəlləşdin.
Açıb haqqa qollarını,
İşıqlatdın yollarını.
Gəzib yurdun sol-sağını,
O üçrəngli bayrağını
Qaldıraraq ucalara
Səs çatdırdın dosta, yara.
Zəhmətinə oldu əvəz-
Bu bayrağın bir də enməz!
Bu zamanın nidasıdır!
Məmməd Əmin dühasıdır!

GÖZÜN AYDIN OLSUN, AZƏRBAYCANIM!

Xoş aprel gecəsi açdı üzünə
Qələbə müjdəli aydın səhəri.
Xoş sevinc yaşları doldu gözünə,
Avropadan aldın zəfər xəbəri.

Gözün aydın olsun, Azərbaycanım!
Şöhrətin yayılıb bütün dünyaya.
Sən gözəl Vətənim, şərəfim, şanım,
Adın ucalıbdır Günəşə, Aya!

Sən hələ yenisən, sən hələ gəncsən,
Dünya heyran olur sərvətlərinə.
Heç kimlə işin yox, rahatsan, dincsən,
Həmişə sadiqsən bu hünərinə.

Ən böyük Qələbən Qarabağdadır,
O da çox yaxındır, uzaqda deyil.
Az qalıb, düşmənlər məhv olmaqdadır,
Düşmən sənin qədər yaraqda deyil!

ŞƏHİD QƏRƏNFİL

1990-cı ilin 20 Yanvar hadisəsinə

Şəhidlər Vətənin, xalqın yolunda,
Şəhidlər yolunda şəhid oldun sən.
İgid şəhidlərin məğrur qolunda,
Şəhidlər halında şəhid oldun sən.

Bu qədər güllərdən nədən, qərənfil,
Şəhid zirvəsinə tək ucaldın sən?
Şəhidlər harayın eşidib qəfil,
Şəhidlər yolunda şəhid oldun sən.

Alın yazısıymış, şəhidlər kimi,
Elə bu dünyaya şəhid gəldin sən.
Güllərin içində igid, nər kimi,
Bu uca zirvəyə tək ucaldın sən.

Şəhidlik hər kəsə nəsib olmayır, 
Ən uca zirvədir o, zirvələrdən.
Şəhidlik hər gülə nəsib olmayır,
Bu hünər ucadır hər bir hünərdən!

XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ PARÇALAR

1993-cü il fevralın 25-dən 26-na keçən gecə erməni faşistlərinin Xocalı şəhərində törətdiyi vəhşilikləri olduğu kimi əks etdirən parçalar. Allah Şəhidlərimizə rəhmət, düşmənlərə lənət eləsin. AMİN!

Əzizim qan içində,
Bir saat, an içində,
Boğuldu, yeksan oldu,
Xocalı qan içində.
-------------------------
Qocanın nə günahı?!
Körpənin nə günahı?!
Qanına qəltan oldu,
Götürmə, Allah, ahı!
------------------------
Əzizim bu durumu,
Faciə, soyqırımı,
Bu dünya niyə görmür
Dəhşətli qətliamı?!
------------------------
Əzizim el ağlayır,
Çəməndə gül ağlayır.
Xocalı bağlarında
Xarı bülbül ağlayır.
-------------------------
Əzizim dağ dağımda,
Min çat var dodağımda.
Balamı öldürdülər
Gözümün qabağında.
-----------------------
Əzizinəm bu yara,
Heç sağalmaz bu yara,
Öz yerində insanlar
Çəkildilər min dara.
----------------------
Əzizinəm atdılar,
Bir-birinə qatdılar.
Ayaqları, başları
Kəsib yerə atdılar.
----------------------
Əzizinəm gecədə,
Müdhiş, qarlı gecədə,
Hücum etdi erməni, 
Vəhşi imiş necə də!
----------------------
Əzizinəm min ahı,
Min fəryadı, min ahı!
Bu günahsız insanlar
Neyləmişdi, İlahi?!
----------------------
Əzizinəm çəkdilər,
Kabab kimi çəkdilər,
Qocanı və körpəni
Nizələrə çəkdilər.
-----------------------
Əzizinəm nə röya,
Bu, nə nağıl, nə röya.
Cavanları öldürüb,
Doldurdular quyuya.
-----------------------
Əzizinəm böldülər,
Qaçmayanlar öldülər.
Qaçıb xilas olanlar
Meşəyə töküldülər.
-----------------------
Əzizim gavurdular,
Qaniçən, gavurdular...
Meşəyə qaçanları
Güllə ilə vurdular.
----------------------
Layla balam, şən balam,
Sinəsi al qan balam,
Tuş gəldin sən düşmənin
Gülləsinə, can balam