Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!

"Ayat" qəzeti

LAL- KAR SEVGİ

Lal-kar sevgi...
Qulaq susur, dil susur...
Baxışlar dilə gəlir,
baxışlar səsə gəlir,
görüşür, öpüşür,
öz diliylə danışır,
bir-birini anlayır,
bir-birinə qovuşur.
Təki məhəbbət olsun,
özü saf, şəfqət olsun,
təki qəlblər alışsın,
təki sevgi var olsun,
qoy adı lal-kar olsun.

Ziyarətçilər

595940

DƏFN ELƏDİM TALE QIŞIN

Iki qışı saldım yola-
biri təbiətin,biri taleyin.
Iki qonaq saldım yola-
birin müvəqqəti, birin ömürlük.
Təbiətin qışı getdi-gələrdir,
taleyinki isə geridönməzdir.
Təbiətin qışı deyil zavallı,
taleyin qışıdır nəfəsi qallı.
Məhv elədim çəmənlərim,
bağlarımı solduran,
güllərimin qönçə ikən
boynun bükən, donduran
o şaxtanı, o qarı,
o boranı, o qışı...
Axır ki dəfn etdim
mən dəliqanlı
ömrümün yarısın
məhv edən qışı,
əlçatmaz gəncliyimi
dəfn edən qışı.

DƏLİ SEVDA

Yaman qorxuram, yaman...
mən bu qəfil sevgidən,
mən bu dəli sevdadan,
yanar ildırım təki
üstümüzə şığıyan
bu alovdan, bu oddan.
Mən "dəli", o "dəli"...
"Dəli dəlidən qorxar",
"Dəli dəliyə qoşular,
dəyənək göydən yağar",-
demiş müdrik atalar.
İlahi, çox qorxuram -
qorxuram ömrüm boyu
yolunu gözlədiyim,
həsrətini çəkdiyim
dəliqanlı sevdadan,
dəli-dolu sevgidən.
Mən azad quş,
sən qəfəsə salınmış...
Niyə dünya zalımmış,
niyə dünya yalanmış?!
De, əzizim,
dəli sevda dağ çəkməzmi
qəlbi dağlı sinəmə?
Dəli sevda necə bölər
səni ona və mənə?!

ZƏNG GÖZLƏYİRƏM

Zəng gözləyirəm...
baharda qaranquş
gözləyən tək.
Ömrüm boyu 
arzusunda olduğum
zəngi gözləyirəm
gör neçə ildir.
Neçə ildir yol gəlir -
bu yol bitmir, tükənmir,
dimdiyində sevgini
mənzilə yetirəmmir.
Zəng bezibdir
tükənməyən yollardan,
mən bezmişəm
intizarlı zamandan.

MƏN ÜMMANAM

Mən mavicə ümmanam,
keçmişimin lilləri
çöküb dərinliyimə.
İçimdə rəqs edir,
üzür balıqlar,
yosunlar naz ilə 
bitir, böyüyür.
Günəşə güzgüyəm,
Aya güzgüyəm.
Qağayılar, göyərçinlər
min nəğməylə
üzərimdə dövr edir...
Eh... beləcə mən həmişə
qalammıram - 
insanların xislətindən
bulanıram,
ocaq olub qalanıram.
Dibimdəki lil qaynayır...
nə qağayı, nə göyərçin
üzərimdə fırlanır,
nə Ay, Günəş
sinəm üstdə nurlanır.