Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!

Ziyarətçilər

15702

Faydalı linklər

Uşaq şeirləri

Məstan pişiyim

Özüm kimi körpədir
Mənim Məstan pişiyim.

Yedirdirəm doyunca
Həm çəkirəm keşiyin.

Beli ala-buladır,
Sinəsi ağ qar kimi.

Gəzir həyət-bacanı
Mənimlə səyyar kimi.

Hər nə desəm, anlayır,
Gəl deyəndə tez gəlir.

Harda yumşaq yer görsə,
Xumarlanır, dincəlir.

Çox sevir o özünü –
Təmizləyir, yalayır.

Ətrafımda fırlanıb
Quyruğunu bulayır.


Bacım və mən

Hər səhər tezdən durub
Məktəbə gedir bacım.

Aldığı qiymətlərlə
Bizi şad edir bacım.

Bacımı çox sevirəm,
Yolunu gözləyirəm,

Onunla ayrılığa
Qətiyyən dözməyirəm.

Öyrədir bacım mənə
Hərfləri və sözləri.

Bilirəm, anlayıram
Səhvləri və düzləri.

Məktəbə gedəcəyəm
Gələn il bacımla mən.

O günü gözləyərək
Oluram bəxtəvər, şən.

Vətən sevgisi

Vətəni çox sevirəm
Anam kimi əzizdir.
Anama və Vətənə
Məhəbbətim dənizdir.

Qucağında ananın,
Şən qoynunda Vətənin
Bəslənirik fərəhlə,
Vətən mənim, həm sənin.

Qorumasaq Vətəni,
Qalarıq biz Vətənsiz.
Yuvasız bir quş kimi
Ölərik biz Vətənsiz.