Əl əli yumasa, əl üzü yumaz,
“Hörmət” eləməsən, əlin yuyulmaz.
O “hörmət” ki, ancaq cibləri gəzir,
Ciblər boş olanda olursan yesir.
Ürəyi dolular lap qəlbdən düşüb,
Ürəyin hörməti çox dəbdən düşüb.
Cibin “hörmət”inə möhtac qalıbdır,
Cibləri dolular meydan alıbdır.
Başa kimdir girən, cib əlin yolu,
Başın da boş olsun, ciblərin dolu –
Çəkidə hamıdan gələrsən ağır,
Əlin əl yumasa, üzün qalar qır.
“Hörmət” eləməsən, hörmət görməzsən,
Yaxşının dadını bilməzsən heç sən.
Rüşvətin mədəni adıdır “hörmət”,
Dadların ən gözəl dadıdır “hörmət”.
Nə yaxşı ki, “hörmət” varmış dünyada,
Yoxsa hamı pulsuz qalar arada.
Hamı bir-birini soyur, talayır,
Özünə ev qurur, ocaq qalayır.
Maaş olmayanda dəb olur “hörmət”,
Bəs, necə yaşasın, dolansın millət?!
Olmasa əlləri yuyan o əllər,
Üzlər qara qalar, olmaz əməllər!