Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Başı uca, alnı açıq, üzü gülər olun, qızlar,
Günəş kimi hərarətlə, şəfəqqətlə dolun, qızlar!

Göydə Allah, yerdə ana yaradandır, yaşadandır,
“Ana” kimi o şərəfli ada layiq qalın, qızlar!

Ləyaqətlə isməti siz qoruyun bir əmanət tək,
Əmanətə xəyanətin bağlayın kəc yolun, qızlar!

Həyat döyüş meydanıdır, həyat yarış meydanıdır,
Bu meydanda qaliblər tək yollar, izlər salın, qızlar!

Bu dünyanın xislətidir: yarananlar bir gün gedər,
Özümüzdən bir yadigar əsər qoyaq, gəlin, qızlar!

Solmaz yazıb verər sizə qızıl kimi nəsihətlər,
Onun hər bir kəlamından bəhər, dəyər alın, qızlar!