Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Allahım, Sənə şükür!
Mənə sağ can vermisən.
Şikəstlik qismətini
Uzaq nişan vermisən.

Gözəllik cizgisini
Məndən əsirgəmədin.
Sağlam, gözəl balalar
Verib, eylədin yəqin.

Allahım, Sənə şükür!
Düşməni yox etmisən.
Bu dünyanın malından
Gözümü tox etmisən.

Paxıllıq və xəbislik
Mənim üçün yad olmuş,
İnsanlara məhəbbət
Qəlbimdə yuva salmış.

Allahım, Sənə şükür!
Mənə şeir vermisən.
Sən bütün nemətlərə
Məni layiq görmüsən.

Mənəviyyat bağımı
Bollu-barlı etmisən.
Sən bütün varlıqlardan
Məni varlı etmisən.