Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Şəhid balasıyam, ürəyim yara,
Atamın yoxluğu çox çəkir dara,
Möhtacam atamlı şən yuxulara.
Gecələr mənimlə, qoy, olsun atam,
Ay Allah, yuxuma çox gəlsin atam.

Gözlərəm mehriban, şən gecələri,
Xoşbəxt sevincimə tən gecələri,
Atamla sevirəm mən gecələri.
Məni qucağına, qoy, alsın atam,
Ay Allah, yuxuma çox gəlsin atam.

Atam dostum idi, ürəyim idi,
Arxamda sal qaya, kürəyim idi,
Dağ kimi dayağım, dirəyim idi.
Bir dorsuz gəmiyəm, qoy, bilsin atam,
Ay Allah, yuxuma çox gəlsin atam.

Onu əvəz etmək müqəddəs borcum,
Zinət, əmanətdir anamla bacım,
Həm də Vətənimdir əsil amacım.
Oğlunun fəxriylə, qoy, dolsun atam,
Ruhu şad olaraq, həm gülsün atam,
Ay Allah, yuxuma çox gəlsin atam!

01.02.2022, s.10