Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

20 Yanvar şəhidlərinə

Min doqquz yüz doxsan, iyirmi yanvar,
Həkk oldu tarixə qanlı gün təki.
Al qanla azadlıq toxumu əkən,
Azadlıq cücərdən şanlı gün təki.

Canını unutdu, Vətəni tutdu,
Özünü sipər tək tanklara atdı,
Canını, qanını torpağa qatdı…
Şəhidlərlə doldu hər yol, hər səki.

Qərənfillər qondu şəhid qanına,
Şəhid tək can verdi şəhid canına.
Matəm möhrü vurdu, yazdı alnına,
Ömürlük ad aldı yaslı gül təki.

Azadlıq cığırı açdı şəhidlər,
Bu cığır yollara apardı hünər,
Bu yollarla gedib qazandı Zəfər.
Alındı qisaslar otuz ildəki!

Biz türk oğlu türkük, qorxu bizə yad,
Məğrurluq, cəsarət – budur bizə ad!
Solmaz, azadlıqdır daddığımız dad,
Qubadlı, Zəngilan doğdu Gün təki,
Şuşamız açıldı şanlı gül təki!

19.01.2022, s.13