Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Adı Gözəl Bənövşəydi,
Özü göyçək, mənim anam.
İlk baharda ilk müjdəydi,
Gözəl çiçək, mənim anam.

Çox güllərə bənzər idi,
Məclisləri bəzər idi,
El dilində gəzər idi,
Sanki mələk, mənim anam.

Bənövşəydi, bənövşə tək
Çəmənzarda, yad eldə tək,
Qəriblikdə oldu ürkək,
Evə dirək, mənim anam.

Al laləydi yanaqları,
Bir qönçəydi dodaqları,
Ətirliydi o gülzarı,
Elə bəzək, mənim anam.

Bənövşəydi, bənövşə tək
Boynubükük, deyildi tək.
Solmaz qızı vəsf edərək
Deyir: mələk, mənim anam,
Elə gərək mənim anam,
Zərif çiçək, mənim anam.