Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Yaman qorxuram, yaman…
mən bu qəfil sevgidən,
mən bu dəli sevdadan,
yanar ildırım təki
üstümüzə şığıyan
bu alovdan, bu oddan.
Mən “dəli”, o “dəli”…
“Dəli dəlidən qorxar”,
“Dəli dəliyə qoşular,
dəyənək göydən yağar”,-
demiş müdrik atalar.
İlahi, çox qorxuram –
qorxuram ömrüm boyu
yolunu gözlədiyim,
həsrətini çəkdiyim
dəliqanlı sevdadan,
dəli-dolu sevgidən.
Mən azad quş,
sən qəfəsə salınmış…
Niyə dünya zalımmış,
niyə dünya yalanmış?!
De, əzizim,
dəli sevda dağ çəkməzmi
qəlbi dağlı sinəmə?
Dəli sevda necə bölər
səni ona və mənə?!