Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Gələn gəlir, gedən gedir…
Gələn gedər, gedən gəlməz.
Yaradan bu hökmü edir,
Gedən olur gedər-gəlməz.

Hər taleyin bir kitabı –
Biri qalın, biri nazik.
Səhifələr yaşıl, sarı,
Biri şaxdır, biri əzik.

Ömrün tale kitabının
Məzmununu bilmir insan.
Günlər keçir, vərəqlənir,
Səhifələr olur ayan.

Hər birimiz Tanrı qulu,
Şükr eləyir Allahına.
Diləyirik doğru yolu
Əl qaldırıb dərgahına.

Yoxdan bizi yaradandır,
Varı da yox edən Allah.
Yaşadandır, yarıdandır,
Qüdrətinə etdik pənah.

Yox olmağın özü də bir
Hikmətdir ki, biz bilmərik.
Adəmdən bu hikmət gəzir…
Məhşər günü düz bilərik!