Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

85 İlliyi Münasibətilə

Səni səxavətlə yaratdı Tanrı,
Kimsəyə bənzəməz insansan, Qəni!
“Yazıya pozu yox”, – dedi atalar,
Allahın yazdığı fərmansan, Qəni!

Arzundur xalqını firavan görmək,
Məramın hər kəsə olmuşdur örnək.
Sən elin gərəkli oğlusan, demək,
Cənnət məkanında Qılmansan, Qəni!

Özün mötəbərsən, sözün mötəbər,
Ölməz dastanlardan verirsən xəbər.
Hikmətdir bütün o bildiyin əzbər,
Dəryaya sığmayan ümmansan, Qəni!

Ümid edənlərin tutdun əlindən,
“Yox” sözün eşidən yoxdur dilindən.
Əli, alnı açıq bir bəndəsən sən,
Çox ümid yerisən, gümansan, Qəni!

Alimlər içində yox bərabərin,
Xəyalın yerlərdən, göylərdən dərin.
Şah əsər sanılır son əsərlərin,
Mənada alıcı tərlansan, Qəni!

Gözlərin zülmətə işıq yandırır,
Qatı zülmətləri işıqlandırır.
Sözün dahiləri bizə andırır,
Sən İbni-Sinasan, Loğmansan, Qəni!

İnci tək düzürsən misraya sözü,
Bütün gözəllərin səndədir gözü.
Eşqə-məhəbbətə mizansan, düzü,
Solmazın gözündə sultansan, Qəni!
Əlacsız dərdlərə dərmansan, Qəni!
Dəryaya sığmayan ümmansan, Qəni!