Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Müəllim sanki bir bədrli Aydır,
Gözlərə nur verir, sözlərə işıq.
Hər kəsin qəlbinə İlahi paydır,
Aləmi dəryadır, özü yaraşıq.

Müəllim bulaqdır, zəka bulağı,
Böyük bir ümmandır fikri, amalı.
Başımız üstündə kölgə budağı,
Yollara mayakdır o Ay camalı.

Qəlblərə əbədi həkk olur adı,
Heykəl tək ucalır, silinməz olur.
Qartal tək açılır qolu-qanadı,
Körpə qartallarla o, enməz olur.

Zəka günəşidir, yanır əbədi,
Nurunu paylayır bütün aləmə.
Ömrünü əridib yanır şam təki,
Hər sözü-söhbəti düşür gündəmə.