Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

“Muğam aləmi” Beynəlxalq Muğam Festivalı 18- 25 mart tarixlərində Bakıda keçirilmişdir.

Festival çərçivəsində Beynəlxalq Elmi Simpozium, Beynəlxalq Muğam Müsabiqəsi və festival konsertləri silsiləsi təşkil olunmuşdur.

2009-cu ilin martında I Respublika Muğam müsabiqəsi keçirilmişdir. Müsabiqəyə 100-dən artıq ərizə verilmiş, ilkin seçim turundan I tura (5-6 mart) 27 namizəd, II tura (9 mart) 10 namizəd keçmişdir. Respublika müsabiqəsinin qalibləri: Təyyar Bayramov (I yer), Vəfa Orucova (II yer), Babək Niftəliyev (III yer) və diplomantlar – Arzu Əliyeva, Səbuhi İbayev ölkəmizi Beynəlxalq Muğam Müsabiqəsində təmsil etmişlər.

Beynəlxalq Muğam Müsabuqəsi 22-24 mart tarixlərində Azərbaycan Dövlət Kukla Teatrında keçirilmişdir. Müsabiqəyə İran, Suriya, İraq, Mərakeş, Özbəkistan, Tacikistan, Qazaxıstan, Misir, Türkiyə və Almaniyadan 67 iştirakçı qatılmışdır.

Festival konsertlərində 10 ölkədən olan musiqiçilər çıxış etmişlər.Konsertlər 5 gün (21-25 mart) ərzində Beynəlxalq Muğam Mərkəzində keçirilmişdir. Konsertlərdə Azərbaycan muğam ustalarının ifasında 7 əsas Azərbaycan muğamı ifa olunmuşdur. Muğamları Alim Qasımov, Mənsum İbrahimov, Mələkxanım Əyyubova, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Nuriyyə Hüseynova, Zabit Nəbizadə ifa etmişlər.

Eyni zamanda festival çərçivəsində Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Opera və Balet Teatrı, Caz Mərkəzi və Azərbaycan Dövlət Muğam Teatrında konsert və tamaşa proqramları verilmişdir.

Açılış Mərasimi mart ayının 20-də Beynəlxalq Muğam Mərkəzində, Bağlanış Mərasimi isə mart ayının 25-də H.Əliyev Sarayında keçirilmişdir.