Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Çətindir yaşamaq fani dünyada,
Şallaq tək alırıq dərdin tüğyanın.
İnana bilmirik doğmaya, yada,
Nəyini sevirik biz bu dünyanın?

Əzab-əziyyətlə ömür sürürük,
Dünyanın hır üzün, nəfsin görürük.
Dərdini-sərini gül tək dəririk,
Nəyini sevirik biz bu dünyanın?

Getmək istəmirik Haqq dünyasına,
Ölüm eşidəndə batıb yasına,
Yapışmaq istərik sərt yaxasına.
Nəyini sevirik biz bu dünyanın?

Gələndə dünyaya necə ağladıq,
Bütün ömrümüzü necə dağladıq,
Gedəndə də o cür susub ağlarıq.
Nəyini sevirik biz bu dünyanın?

Dünyanın özü tək insanı yalan,
Varına, malına tamahın salan,
Sonda tək canıyla lümbəlüt qalan.
Nəyini sevirik biz bu dünyanın?

Allah gətiribdir bizi dünyaya,
Bilsin yerləşdirsin hər kimi hara.
Solmaz, əməllərlə Cənnətə yara,
Əbədi dünyada qur öz dünyanı.
Nəyini sevirik biz bu dünyanın?

12.07.2021, s.11:50