Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmova ithaf edirəm

Doğulandan görmüşdü yetimliyin dəhşətin,
Gözlərini açmışdı atasız bir dünyaya.
Çox keçməmiş o daddı taleyin məşəqqətin –
Həsrət qaldı ömürlük onu doğan anaya.
Anasızlıq acısın dadmış bu gənc oğlana
Vətənsizlik acısı nə olduğu bəllidir.
O sanır ki, başına bütün dünya dolana,
Onun tənha qəlbinə Vətəni təsəllidir.
Azərbaycan əsgəri qərar tuta bilmədi,
Vətəni itirməkdən o çox qorxdu, inlədi…
Qəzəbləndi faşizmin Bakıya tamahına,
Yola düşdü cəbhəyə, yalvarıb Allahına.
Düşünürdü: yolunu gözləyən, yaş tökən yox…
Arxayınca döyüşür, o qorxmurdu ölümdən.
Vətəninə məhəbbət hökm edirdi daha çox,
Usanmırdı əzabdan, usanmırdı zülümdən.
Ölümün gözlərinə dik baxırdı, qorxmurdu,
Qurd ürəyi yemişdi, sanki o, qurd oğluydu.
Bombaların altında gen səngərlər qazırdı,
Od-alovun içində o, ad-san qazanırdı.
Göydən bombalar yağdı, tağım təmiz qırıldı,
Qalmış dörd döyüşçüdən üçü tamam satıldı.
Tək-tənha üz tutanda gecə başqa tağıma,
Qalaq-qalaq meyitlər dəyirdi ayağına.
Mərmilər hey yağırdı göydən gur yağış kimi,
Hansısa yan keçirdi, hansısa haqlayırdı.
Sinəsindən vurulmuş yaralı bir quş kimi,
Qarnı üstdə sürünür, dəstədən qalmayırdı,
Məlik keçəndən sonra körpülər dağılırdı.
Tağımda olmayanda tağımı yarılırdı,
Partlayışlar gözləyir, igidi qoruyurdu,
Bu, Allahın əmridir, Allah belə qururdu.
Yetmişinci Qırmızı Bayraqlı Diviziya
Oldu onun ünvanı, adı, sanı, olanı.
Otuz beş dərəcəli dekabr şaxtasında,
Gecə qalın meşələr oldu onun yorğanı.
Dörd nəfər səhərədək xizəklə yol gedirdi,
Buza dönmüş çörəyi tüfəngin süngüsüylə
Qopardıb, dörd hissəyə bölürdü, pay edirdi,
Yeyirdilər sevinclə, qardaşlıq sevgisiylə.
Almanların yerini öyrənib xəbər vermiş,
İlk aldığı mükafat “İstirahət” olmuşdur,
Çadırına bürünüb, qarın içinə girmiş,
Onun yorğun gözünə şirin yuxu dolmuşdur.
Külək fürsət taparaq ana nəvazişiylə
Qarı üstünə örtüb həzin layla çalıbdır.
Onun üstündən keçən zirehli maşınlardan
Allah özü qoruyub, özü səbəb salıbdır.
Hərbi məktəb bitirdi, leytenant adı aldı,
Qərara gəldilər ki, arxa cəbhədə qalsın.
“Ön cəbhəni seçirəm, mənim yerim oradır,
Azərbaycan yanında gözüm kölgəli olsun?!
O, beşinci bölüyün komandiri seçildi,
O, vuruşa-vuruşa düz Ukraynaya gəldi.
Dnepri keçmək lazımdır, Məlik durdu irəli,
Bölüyünü hayladı: dəlilərim, irəli!
Allah köməyə gəldi, göyə duman ələndi…
Gecə saat bir idi, bu vaxtı o seçmişdi.
Eyni vaxtda sahildən altı qayıq tərpəndi…
Almanlar indi artıq dincəlməyə keçmişdi.
Bu dəstənin başında ölümlə pəncələşən
Məhərrəmov, Samsonov, Zasedatelev idi.
Düşmən tez-tez raketlə çayı işıqlandırır,
Lakin duman sıx durur, onları gizlədirdi.
Bölük on iki saat əks hücumu dəf etmiş,
Dörd əlində mövqeyi mərdliklə saxlamışdır.
Faşistlərin sahildə yuvasını məhv etmiş,
“Azərbaycan igidi” adını satmamışdır.
Məlik adı tanındı yad torpağın elində,
Qəzetlərdə oxundu hər millətin dilində.
“Məhərrəmovçular”dan örnək aldı rotalar,
O, eləcə etmişdi, necə etmiş atalar.
Məlik yaralı idi, hospitalda yatırdı…
Min doqquz yüz qırx dördün on beş yanvar səhəri…
Çağır-bağır içində gələn güllə səsinə
O diksinib ayıldı, qalxdı çox səksəkəli,
İçəriyə doluşan hərbçiləri tanıdı.
Yarıyuxulu Məlik yerindəcə donmuşdu,
Bir saniyə içində onun rəngi alındı:
“Ətrafda nə baş vermiş, görəsən, nə olmuşdur?”
Divara bərkidilmiş radionu açdılar –
“Məhərrəmovla birgə on beş döyüşçüsünün
İttifaq Qəhrəmanı” xəbərini aldılar,
Bir şampan şərabının atəşin qaldırdılar.
Məlik indi anladı, bildi, nədir çal-çağır.
Bu gün vaxtsız, çox erkən xəstəxana qalxmışdır –
Kimi qarmon kökləyir, kimi gitara çalır,
Gülüşlər, zarafatlar asimana çıxmışdır.
Hamı bağrına basır, hamı təbrik eləyir,
İyirmi üç yaşlı gənc Qəhrəmanı səsləyir.
Bu, çox böyük bir bayram, elə lap möcüzədir,
Azərbaycan balası yad eldə şahzadədir!