Müharibə ölsün, getsin dünyadan,
Sülhə yol açılsın, bərqərar olsun.
Silahlar, bombalar itsin dünyadan,
Gülüşlər, sevinclər qəlblərə dolsun.
Bu bir kəlmə sözün arxasında gör,
Nə qədər dərd, kədər, nə faciə var.
Buxenvald harayı, Xatın harayı,
Naqasaki dərdi, Xrosima ağlar.
Həsrətlə gözləyən Xankəndi dərdi,
Yerlə yeksan olmuş Xocalı ağlar.
Atasın görməmiş körpə həsrəti,
Analar fəryadı sinələr dağlar.
Rədd olsun silahlar, müharibələr,
Bu fani dünyada dava nə gərək?
Sülhlə, ədalətlə yaşasın bəşər,
Açılmasın atəş, açılsın ürək.
Atəş tüstüləri sarmasın göyü,
Buludlar gəzişsin səmalarında.
Atəş sarsıtmasın Günəşi, Ayı,
Ulduzlar sayrışsın səmalarında.
03.08.2021, s.16 ərəfəsi.