Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Şeirləşmə. (Həkim Qəni ilə Solmaz Şirinin şeirləşməsi)

Əlçatmaz sevginin sorağındayam-
Elə sevginin ki, nakam olmasın,
Hələ qönçə ikən boynunu büküb,
Şaxtada, tufanda erkən solmasın.

Elə sevginin ki, çiçəklərində
Yolların- izlərin tozu qalmasın.
Elə sevginin ki, səmalarında
Qara buludların izi qalmasın.

Sevgi də dünyada qoşa yaranır.
Taledi, xoşbəxti, bədbəxti olur.
O da insan kimi gəzib aranır,
O da çiçək kimi saralır, solur.

Sevgi istəyirəm röya qanadlı,
Kəhkəşan yolu tək uzansın yolu.
Sevgi istəyirəm bağlı-bağatlı,
Sevgi istəyirəm şirin və dolu.

S.ŞİRİN

Həkim Qəninin cavabı

“Əlçatmaz sevginin sorağındasan”,
Əlini sevgiyə çatdırım Sənin!
Sevgi dəryasının qırağındasan,
De! Açım üzünə o ağ yelkəni!

Elə sevgi verim ürəkdən Sənə,
Baharı solmasın, yazı solmasın.
Elə sevgi verim, dolsun sinənə,
Payızı olmasın, qışı olmasın!

“Taledir, xoşbəxti, bədbəxti olur”,
Biri gülür isə, biri ağlayır.
Mənim eşqimdədir o dediyim nur,
O nur ki, Səninçün coşur, çağlayır.

“Sevgi istəyirsən röya qanadlı”,
Sevgi verim Sənə röyadan Şirin,
Ondan da ləzzətli, ondan da dadlı.
Sevgi verim Sənə baldan da Şirin,
Sevgi verim Sənə dəryadan dərin!