Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Azərbaycan dili qədim, zəngin və şirin dildir. Ulu baba-nənələrimizdən bizə miras qalan dilimizi qoruyub saxlaya bilirikmi?
Millətimizin bir adəti var ki, istər adət-ənənə, istərsə də dildə başqasınınkına daha çox meyl göstərir. Bir vaxtlar vardı, rus dili dəbdə idi, azərbaycanlı ailələrdə uşaqlar dili rus dilinə açır, rus məktəblərində təhsil alır, bu dili doğma dil kimi əzizləyir, özlərini rusdilli adlandırırdılar. Hətta mağaza və obyektlərin adları da rus dilində yazılır, Azərbaycan Rusiyanı xatırladırdı. Indi isə dəbə ingilis dili düşüb. Hamı çalışır ingilis dilində danışsın, özünü xaricidilli kimi biruzə versin.

Paytaxtın küçələrində, xüsusən də Səbail rayonu, “Sahil” metrosu ətrafında bütün mağazaların, binaların üzərində ingiliscə yazılar yazılıb. Həmin yerlərdə hərlənərkən adam özünü Azərbaycanda deyil, xarici ölkədə hiss edir. Elə mağazalar yaxud obyektlər var ki, üzərindəki yazılar sırf ingilis dilində yazılıb, çox az hissəsində isə əvvəl böyük hərflərlə ingilis, aşağıdan isə ikinci dərəcəli kimi xırda hərflərlə azərbaycan dilində yazılıb. Bu da bizim aidiyyatı olan təşkilatların və bu obyektləri təşkil edən ayrı-ayrı şəxslərin azərbaycan dilinə laqeyd münasibətindən irəli gəlir.

Ulu öndərimiz Heydər Əliyev azərbaycanlı olduğu ilə fəxr etmiş, ana dilinə yüksək qiymət verməyi, onu qoruyub saxlamağı tövsiyyə etmişdir. Bu gün belə gözəl və müqəddəs tövsiyyələrə layiqincə əməl olunmur. Ana dilimiz ona görə şirin və əzizdir ki, onu bizə anamız verib. “Ana dilim” şeirimdə bunu mən belə ifadə etmişəm:

Yüz min dillər içində seçilir ana dilim,
Hamısından şirindir, əzizdir doğma dilim.
Anamdan götürmüşəm mən bu dilin binasın,
Ondan doğma bilmərəm başqa millət anasın.

Şəhərin bir çox yerində, Səbail rayonu ətrafında, xüsusən “Sahil” metrostansiyasının yaxınlığında binaların üzərində mənası bizə tamamilə məlum olmayan aşağıdakı sözlər yazılmışdır: “Royal Home”, “Mathercare”, “The phoenix”, “Golden Rose”, “LTB LİTTLEBİG”, “Kodak EXPRESS”, “m-grand”, “Levis Store”, “SHAKH Jevellery”, PANTECH Computex”, “PARFUMS DE FRANCE”, “PRENSES”, “Baku Elektronics”, “AUTOLUX”, “Harman kardon”, “LA PARFUMERİE Arnolfo di Cambio France”, “Bank of Azerbaijan”, “Rodi” və yüzlərlə başqaları. Belə vəziyyətlə biz dilimiz və adət-ənənəmizi başqalaşdırdığımız kimi, gözəl şəhərimizi, paytaxtımızı da başqalaşdırırıq. Gəlin, özümüzə gələk. Heç bir ölkədə küçələrdə, binaların üzərində azərbaycan dilində sözlər yazılmır.

Aidiyyatı olan təşkilatlar buna bir əncam qılsınlar.

Solmaz Şirin