Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

“Devin canı şüşədə” olan kimi, bəzi müğənnilərin də canı fonoqramdadır. Bəzi deyəndə ki,… Demək olar ki, bütün estrada müğənnilərinin canı… Allah göstərməsin, ya işıq sönsə, ya texnika xarab olsa, bu müğənnilər ifalarını ixtisara salarlar. Ona görə ki, onların canı cansız texnikanın əlindədir. Bunun mən dəfələrlə şahidi olmuşam. Çəkiliş, yaxud veriliş gedən zaman “müğənnilər” hansısa texniki nasazlıq səbəbindən musiqinin səslənmədiyini görərkən tamaşaçılar qarşısında mikrofonu atıb yerlərində oturublar. Görəsən, belə “müğənnilər” özlərini necə müğənni, hətta ulduz adlandıra bilir, xalqın gözünə necə baxır, üzünə necə çıxırlar?

Tamaşaçılar qarşısında fonoqramla oxuyan “müğənnilər” əllərinə ədəb-ərkanla mikrofon da götürür, tamaşaçıların gözlərinə baxa-baxa onları aldadırlar. Sanki uşaq aldadırlar. Heç bir eyib bilmədən, məsuliyyət hiss etmədən, hətta özlərindən çox razı halda nəinki oxuyur, oynayırlar da, özlərini zorla gözə soxurlar.

Görəsən, fonoqramla oxuyan zaman ağıza mikrofon tutmaq nəyə gərəkdir? Bununla onlar xalqın gözündən pərdəmi asırlar? Pərdə xalqın gözü üçün deyil, pəncərənin gözü üçündür. ”Xalqın gözü tükü tükdən seçir”. Həm də “mizan tərəzisidir”.

Bu gün estrada ifaçıları sənət dalınca deyil, şou-biznes,pul, var dalınca qaçır, özləri üçün firavan həyat gurmağa çalışır, sənəti şəxsi həyatlarına qurban verirlər. Belə ifalarıyla onlar yaşlı və orta nəslin əsəblərilə oynayır, yeni nəslin isə zövqünü korlayırlar. Sənət incilərinin qorunması uğrunda mübarizə hamımızın vətəndaşlıq və insanlıq borcumuzdur. Gəlin, xalqımızın sərvətlərinə göz yummayaq! Onları göz bəbəyimiz kimi qoruyaraq, necə ki bizə çatdırıblar, biz də əl-ayağı üstündə gələcək nəsillərə çatdıraq. Onları yaradanların ruhunu incitməyək.

Gərək hər kəs bacardığı işdən yapışsın. Vacibdir ki, səsi, istedadı olmayan kəslər müğənni, yaxud bəstəkar olsunlar? Əlbəttə ki, hər yerindən duran olar. Səslərini istədikləri formada yazdırdıqları aparatın, fonoqramın və pulun canı sağ olsun… Belə “müğənni” olmağa nə var ki… Hələ “mənəm-mənəm” də deyir, özlərini “ulduz” da sayırlar. Bu, ancaq estradamızın gənc ifaçılarına deyil, hətta özlərini “kit” sayanlara da aiddir.

Böyük klassik şairimiz N.Gəncəvi belə yerdə demişdir:

Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.

Gözəl şairimiz M.Müşfiq deyib:

İstər bəstəkar ol, istər nəqqaş ol,
Şair ol, rəssam ol, heykəltəraş ol,
Yaratdığın şeyi sevərək yarat,
Hamıdan yüksək ol, hamıdan baş ol.

Xalqımızın, bəstəkarlarımızın zəhmət çəkib miras qoyduqları mahnıları hərə bir tərəfə əyir, qol-qıçını qırıb istədikləri hala salırlar. Tikə bilməyən gərək sökməsin də…

Yeri gəlmişkən, mən də öz fikrimi nəzmə çəkirəm:

Bacardığın işin qulpundan yapış,
Sevdiyin iş ilə alovlan, alış.

Hələ geyimlərini demirəm. Elə bil, heç canlarında müsəlman qanı yoxdur, səhnəyə istədikləri formada, yarıçılpaq çıxır, milli-mənəvi dəyərlərimizi itirib-batırırlar. Onlara heç nəzarət edən də, “gözün üstdə qaşın var” deyən də yoxdur.

Heç olmasa, muğam ifaçılarından dərs götürsünlər. Həm canlı ifada, həm geyim formasında, həm də səhnə mədəniyyətində.

Solmaz Şirin