Mərhum anama
Sənsiz bu dünyada qala bilmirəm,
Sənsiz varlığım, san, od tutub yanır.
Gözümdə qaralıb işıqlı dünya,
Yetim qalan canım oda qalanır.
Hara getsəm belə, qəlbim açılmaz,
Sızlayır, inləyir, dinclik verməyir.
Dözümüm qalmayıb hicrana daha,
Gözüm hey axtarır, səni görməyir.
Gəlib sığınıram məzar daşına,
Köhnə qəbristan tək qəlbim sökülür.
Axır qana dönən gözümün yaşı,
O sarı güllərin üstə tökülür.
Mərmərə həkk olmuş dolu gözlərin
Dikilir gözümə o baxdığın tək.
Dodağında donub qalıb sözlərin,
Bir kəlmə gözləyir sinəmdə ürək.
Güc, qüvvət alıram ziyarətindən,
Dolub-boşalıram buludlar kimi.
Təsəlli alıram qiyafətindən,
Baxaraq anama elə var kimi.