Allah, yaratmısan yaşayım, gülüm,
Yaratmamısan ki, dərd-sərdən ölüm.
Dərdə yem üçünmü verdin canımı?
Qaraltmaq üçünmü verdin qanımı?
Yaratdın qəlbimi geniş bir meydan,
Boş qoyub eylədin yalqız, sərgərdan.
Heç kim sığışmadı böyük qəlbimə,
Yarayan olmadı şair təbimə.
Tənhalıq sazağı qanım dondurur,
Ürəyim vurmayır, dayanır, durur.
Çöldə yaz, yay keçir, cızhacız olur,
Qəlbimi isitmir, buz qaya qalır.
Demək, yaşamıram, tək mövcudam mən,
Asılmış pərdəni götür gözümdən.
Demək, kam almıram, sürünürəm mən,
İlanlıq xislətin götür üstümdən.
Allahım, ya güldür, ya öldür məni,
Üstümə güldürmə dostu, düşməni.
Allahım, ya yaşat, ya öldür, barı,
Bu haqdır, Səndədir qismət açarı!