Dağ çayına bənzəyən poeziya
Dünyada insanların möcüzə saydığı hadisələr var. Bu hadisələr bizi heyrətə gətirir. Təfəkkürümüz onları təhlil və həzm edə bilmir. Dəqiq izahını verə bilmədiyimizdən onları möcüzə kimi qəbul etməyə məcbur oluruq.
Məndən ötrü şeirin, şairliyin özü də möcüzədir. Təsadüfi deyil ki, şeiri bəzən Allahın səsi hesab edənlər də olur. Şairlik, doğrudan da, fitri qabiliyyətdir, Allah vergisidir. O da təsadüfi deyil ki, keçmişdə bəzi aşıqlara Haqq aşığı deyərmişlər.
Şeir, doğrudan da, vəhdən yaranır. Gözlənilmədən İlham Pərisinin mübhəm pıçıltısını qəlbimizlə eşidirik. Onun dilin mövcud qayda-qanunlarını, qrammatik normalarını pozaraq bizə çatdırılmalarını qanunauyğunluq kimi qəbul edirik. Adını şeir qoyduğumuz sirli-sehrli bu məfhum qəlbimizi heyrətə, ehtizaza gətirə bilir. Yayın qızmarında üşüdə, qışın soyuğunda isidə bilir.
Etiraf edim ki, məni məşğul edən bu düşüncələrin yaşantılarını bu günlərdə Solmaz Şirin adlı şairənin “Səni gözləyirəm” (2003) adlı kitabını oxuyarkən bir də yaşadım. Şair Zülfüqar Şahsevənlinin redaktoru olduğu bu kitabdakı bir tutarlı qafiyəsinə belə rast gəlmədiyim ilk sərbəst şeir (“Sənə ehtiyacım var”) məni necə tutdusa, kitabı axıradək oxumağa qərar verdim. Həmin şeirdə şair öz sevgilisinə olan ehtiyacını belə ifadə etmişdir:
Sənə ehtiyacım var –
balığın dəryaya,
quşun göy üzünə,
yarpağın yağışa
olan ehtiyacı tək.
Sən demə, qafiyəsiz də şeir olarmış. Sən demə, şeir qafiyəsiz də insan duyğularını ehtizaza gətirə bilərmiş. Halbuki, şairə “göy üzünə” birləşməsini “səmaya” sözü ilə əvəz etməklə qafiyə yarada bilərdi. Lakin deyim bəlkə də bu qədər uğurlu alınmazdı.
Sənə ehtiyacım var –
çat-çat olmuş dodağın
bircə gilə suya,
kor olmuş gözlərin
iynə gözü boyda işığa
olan ehtiyacı tək.
Sevən ürəyin ehtiyacının bundan daha dəqiq bənzətmələrlə ifadə edilə biləcəyini təsəvvür etmək çətindir.
Başqa bir şeirində (“Dəli sevda”) şairənin özünün də “dəli” adlandırdığı vaxtsız-vədəsiz sevdadan qorxduğu etiraf edilir:
İlahi, çox qorxuram –
qorxuram ömrüm boyu
yolunu gözlədiyim,
həsrətini çəkdiyim
dəliqanlı sevdadan.
Bəs şairənin illərlə yolunu gözlədiyi bu sevdadan qorxması nədəndir? Sən demə, zalım dünya o sevgini o saman göndərib ki, artıq o sevgi nisgildən başqa heç nə verə bilməz. Sən demə, bu qorxu əbəs deyilmiş:
Mən azad quş, sən qəfəsə salınmış…
Olduqca lakonik bir deyimlə səbəb aydınlaşır. Şairə özgəsinin tale qismətinə şərik olmaq istəmir. Son dərəcə böyük bir alicənablıqla o sevgidən imtina edir və ondan sevgi umanı da düşünməyə vadar edir:
De, əzizim,
dəli sevda dağ çəkməzmi
qəlbi dağlı sinəmə?
Dəli sevda necə bölər
səni ona və mənə?!
Solmaz Şirinin şeirlərində həzin bir kədər, bir nisgil duyulmaqdadır. Bu nisgil onun məhəbbət şeirlərində daha çox boy göstərir. Kitaba daxil olan “Səni gözləyirəm”, “Məhəbbət əsiri”,”Sevgi nəğməsi”, “İsit məni”, “Məhəbbət”, “Qismətimi gözləyirəm”kimi şeirlərdə həsrətdən,talesizlikdən doğan bir giley, bir inciklik var.Şairənin təbirincə, sevgisiz yaşamaq əzabı bütün əzablardan betərdir. Şairə elə əlçatmaz bir sevginin sorağındadır ki, “Qönçə ikən boynunu büküb şaxtada, tufanda erkən solmasın”, elə bir həmdəm istəyir ki, “Həyat yolunda büdrəsə, dayağı, dirəyi olsun”. Bu, onun Ulu Tanrıdan istədiyi, umduğu ən adi, ən insani istəkdir. Lakin bəzən taleyin hökmü çox amansız olur, insanın ömür bağçasının çəmənini, gülünü, çiçəyini soldurur. Günlərin bir günü şairə ömrünün bir qışı ilə bərabər amansız tale qışını da ömürlük yola salır.
İki qışı saldım yola –
biri təbiətin, biri taleyin,
-deyə sanki ömrünün yarısını məhv edən uğursuz taleyindən qisas alır:
Axır ki, dəfn etdim
mən dəliqanlı
ömrümün yarısın
məhv edən qışı,
əlçatmaz gəncliyimi
dəfn edən qışı.
Solmaz Şirin poeziyasının mövzu xəritəsi rəngarəngdir, yalnız intim duyğularla məhdudlaşmır. Kitabda atılmaq dəhşətindən (“Atılmaq dəhşəti”), insanlığın əxlaqi problemlərindən – pulun həyatda oynadığı pozucu rolundan, var-dövlət düşkünlüyünün acı nəticələrindən (“Artıq tamah”, “Pulun aqibəti”), insanların bir-birinə inam və etibarının, sədaqətinin itməsindən(“Sədaqət olmasa”) narahatlıqla söhbət açır:
Sədaqət itirsə, itirir insan
Ümidi, inamı, bir də özünü,
-deyə həyəcan təbili çalır. Şairə tamahkarlıq, nankorluq, satqınlıq kimi mənfi sifətləri şeirlərində qamçılayır. İnsanları bir-birinə vəfalı olmağa, alicənablığa, sədaqətə səsləyir. Bu poeziya bəzən son dərəcə çılğın,səddi-sərhədi vurub yıxan dağ çayını, bəzən də təmkinli və müdrik bir ixtiyarı xatırladır. Birinci halda bütün ağrılarını, həsrət və kədərini, maneələrini süpürüb ataraq ümmanlara qovuşmağa can atırsa, ikinci halda insanlığın mənəvi dünyasını kamilləşdirməyə, iç dünyasına güzgü tutmağa çalışır. Bu cəhətdən “Kömək ol köməksizə” şeiri çox xarakterikdir:
Bir yıxılan görəndə
Balta alma əlinə.
Bir yaxılan görəndə
Məlhəm söz al dilinə.
Bir ağlayan görəndə
Çarə et göz yaşına,
Bir çağlayan görəndə
Qamçı vurma başına.
Özünün dəsti-xətti, üslubu olan bu poeziya hər iki halda folklordan qaynaqlanır. Belə ki, şairə öz şeirlərində (“Sən də yaşarsan”, “Zərlərin qədrini zərgərlər bilər”, “Kaş hamı sevə bilə”, “Dəli sevda” və s.) “Dəli dəlidən qorxar”, “Dəli dəliyə qoşular, dəyənək göydən yağar”, ”Su axar, çüxurun tapar”, “Əl tutmaq Əlidən qalıb”, “Halva-halva deməklə ağız şirin olmaz” və s. atalar sözlərindən, elə müdrik kəlamlarla səsləşən “Kəsərəm o dili, xəyanət etsə”, “Sədaqət itirsə, itirir insan”, “Biganəlik soyuq məzardır” kimi aforizmlərdən, poetik sintaksisin müxtəlif fiqurlarından məharətlə istifafə edir.
Solmaz Şirinin lirik “Mən”ini oxucu nəzərində ucaldan bir cəhəti də qeyd etmək istərdim. Bu, onun heç zaman ruhdan düşməməsi, sabaha böyük ümidlə baxması, həmişə xoş, sevdalı günlərin sorağında olmasıdır. O, bəzən ümidsizliyə qapılırsa da, bu, ötəri olur. Şairə bədbinliyi könül qapısından içəri buraxmır. Dost-düşmən qarşısında özünü sındırmır.
Şairənin nisbətən irihəcmli “Zəlzələ”, “Dəniz və mən” şeirləri epik lövhələrin bədii təsvirini və poetik həllini verə bilmək istedadından xəbər verir.
“Səni gözləyirəm” kitabından aldığım təəssürat belə bir fikri deməyə əsas verir ki, bu kitab oxucuların, xüsusilə, poeziya vurğunu olan gənclərimizin dərin marağına səbəb olacaqdır.
Solmaz Şirinə gələcəkdə daha böyük yaradıcılıq uğurları arzulayıram.
Rahil Məmmədov
Azərbaycan Yazıçılar Birliyinin üzvü