QURBAN OLUM, İLAHİ!
Qurban olum, İlahi,
Sənin gözəl adına.
Yetirsən hər bəndənin
Köməyinə, dadına.
Solmaz Şirin
Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!
Qurban olum, İlahi,
Sənin gözəl adına.
Yetirsən hər bəndənin
Köməyinə, dadına.
Alt-üst etmək istədi taleyimi kor fələk,
Evimi dağıtmağa qurdu mənə min kələk.
Çox şükür ki, o böyük Allah əmriylə yenə,
Ömrümün son yarısı qapı açıldı mənə.
Tanrı açmayıbdır insana sirri,
Özü yaradıbdır, xisləti bəlli.
İnsanın əlində olsaydı dünya,
Nə hala düşərdi, qisməti bəlli!
Bu dünyada nə qədər
Yalanlar var, İlahi!
Bu dünyanı yalanla
Alanlar var, İlahi!
Kim verməyir, heç verməsin,
Allah versin qiymətimi.
Kim görməyir, heç görməsin,
Allah görsün niyyətimi.
Allahım, Sənə şükür!
Mənə sağ can vermisən.
Şikəstlik qismətini
Uzaq nişan vermisən.
Almasın əlimdən Allah qolumu,
Bu əli o ələ möhtac etməsin.
Qardaşı, bacını, əziz qohumu
Evində sağ etsin, tərac etməsin.
Görəsən, nə üçün bəxş etmiş Tanrı,
Bizi bu dünyaya, verərək can, qan?
O biri dünyanı yaratmaqçınmı,
Şirin canımızı edirik qurban?
Allah, yaratmısan yaşayım, gülüm,
Yaratmamısan ki, dərd-sərdən ölüm.
Dərdə yem üçünmü verdin canımı?
Qaraltmaq üçünmü verdin qanımı?
Gələn gəlir, gedən gedir…
Gələn gedər, gedən gəlməz.
Yaradan bu hökmü edir,
Gedən olur gedər-gəlməz.