Şəm tək yandımsa bu niranə mən, niranə mən,
Görmədim bir sən təki pərvanə mən, pərvanə mən.
Sən necə səyyad imişsən, oxladın bu qəlbimi,
Dönmüşəm bir oxlanan ceyranə mən, ceyranə mən.
Bir görüncə mən səni sandım ilahi eşqimə,
Bağladım imanı bu peymanə mən, peymanə mən.
Axtarırdım qisməti, ta qəlbimə sultan ola,
Yetdim indi umduğum sultanə mən, sultanə mən.
Allahın iznidi, yüz yol gündə qurbanam sənə,
Öz gücümlə dönmədim qurbanə mən, qurbanə mən.
Nuri-həqdir aşiqi məşuq edən dildarına,
Yetmişəm bu yolla bir nuranə mən, nuranə mən.
Eşq dərdində, Həkim, Solmaza loğman olmusan,
Heyranam bir sən təki loğmanə mən, loğmanə mən.