Ayrılıq ocaqdır-sönməyən ocaq,
Alovu içini eyləyər sıcaq.
Közləri ömürlük damğalayacaq,
Damğası yaradır, hey sızlayacaq.
Ayrılıq odundan betər od olmaz,
Elə alovludur, heç nəylə sönməz.
Ayrılıq dərdindən betər dərd olmaz,
Ağrısı yamandır, heç vaxt səngiməz.
Ayrılıq – itirmək, ayrılıq – itmək,
İntizar çırağın yandırıb asmaq.
Həsrətin evini ucaltmaq, tikmək,
Vüsalı zindanın küncünə kısmaq.
Ayrılığın üzü şaxtalı, qarlı,
Nəfəsi dondurar daşı, divarı.
Gözləri əriməz buz parçasıdır,
Ürəyi rəhmdil olaydı, barı.
Ayrılıq yandırır, həm də üşüdür,
Neyləyək, zalımdır, ikiüzlüdür.
Bir üzü yayıdır, biri qışıdır,
Dodağı alovlu, dili közlüdür.