Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Layla, Mələyim, layla,
Evim, dirəyim layla.
Yuxuna şəkər qatım,
Duzum, çörəyim layla.

Sən yat, çəkim keşiyin
Başı üstdə beşiyin.
Canına qurban olsun
Malı evin-eşiyin.

Layla,oğulum, layla,
Şirin noğulum layla.
Yat dərin, mışıl-mışıl,
Deyim nağılım, layla.

Layla, həyatım, layla,
Sözüm, bayatım layla.
Sən yat, mən də dincəlim,
Sənlə yatım, a layla.

Layla, incim, a layla,
Qəlbi dincim, a layla.
Al yuxunu, gözəlləş,
Ol sevincim, a layla.

Körpə quzum, a layla,
Çəkim nazın, a layla.
Olsun firavan həyat
Alın yazın, a layla.

Layla, qəlbim, sevincim,
Layla gövhərim, incim,
Yat, tez böyü, tez yeri,
Mənim ilkim, birincim.

Layla dedim, yat, dedim,
Gül-çiçəyə bat, dedim.
Gözəl, şirin yuxuna
Bir az da bal qat, dedim.

Layla deyim, yat şirin,
Yuxun olsun lap dərin.
Mışıl-mışıl mışılda,
Özün də ol şipşirin.