Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Körpə balam, a layla,
Şəkər, balım, a layla.
Sən get şirin yuxuya,
Qadan alım, a layla.

Layla, körpə qızcığaz,
Başın üstdə çalım saz.
Dolsun şirin yuxuna
Bağ-bağçalı, güllü yaz.

Layla gözəl, gül balam,
Saçları sünbül balam,
Sən yat, beşiyin üstdə
Oxusun bülbül, balam.

Layla deyim, yat, dincəl,
Doy yuxudan, ol gözəl.
Sonra durub yenidən
Sən hoppan-düş, ay dəcəl.

Layla deyim, uyu sən,
Sevinc ilə böyü sən.
Ol firavan, bəxtəvər,
Böyü xoşbəxt, gözəl, şən.

Layla, nazım, a layla,
Güllü yazım, a layla.
Yat gül-çiçək içində,
Telli sazım, a layla.

Layla gül nəvəm layla,
Saçları şəvəm layla.
Övladda şirin payım,
Dövlətdə dəvəm layla.

Layla sonam, a layla,
Gözəl durnam, a layla.
Olum gözün qurbanı,
Nənəm, anam, a layla.

Layla, tərlanım, layla,
Gözəl ceyranım layla.
Sən get şirin yuxuya,
Olum qurbanın, layla.