Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Layla, Mələyim layla,
Gülüm, çiçəyim layla.
Yuxun gül-çiçək olsun,
Canım, ürəyim layla.

Layla, Tamerlan, layla,
Gözəl, gül oğlan layla.
Sən get dərin yuxuya,
Qoy desin anan layla.

Layla, gülüm, a layla,
Şən bülbülüm, a layla.
Sən gül şirin yuxuda,
Mən də gülüm, a layla.

Layla gözəl, gül balam,
Saçları sünbül balam.
Güllərin açsın çiçək,
Bağçada bülbül balam.

Layla, gözüm, a layla,
Şirin sözüm, a layla.
Sənin körpə canına
Qurban özüm, a layla.

Layla deyim mən sənə,
Deyim: balam bir dənə.
Yat, yuxunu yaxşı al,
Sonra durub gül yenə.

Layla, gözəlim, layla,
Şerim, qəzəlim layla.
Çox oynayıb yoruldun,
Dincəl, dəcəlim, layla.

Layla, körpəm, a layla,
Şirin töhfəm, a layla.
Sən gözümün nurusan,
Sənsiz heçəm, a layla.

Oğul balam, a layla,
Noğul balam, a layla.
Şirin-şirin mışılda,
Nağıl balam, a layla.