Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Layla deyim, şirin yat,
Qollarını yana at.
Şirin yuxularına
Bollu şəkər, nabat qat.

Layla, balam, şən balam,
Yuxusu gülşən balam.
Al güllərin içində
Uyu, boy at sən, balam.

Layla, qızım, a layla,
Gözəl nazım, a layla.
Şərəfinə inci tək
Sözlər düzüm, a layla.

Övladda nəvəm layla,
Dövlətdə dəvəm layla.
Saxlasın Allah səni,
Layla, bir dənəm, layla.

Layla, canım, a layla,
Adım-sanım, a layla.
Təbəssümlə, şirin yat,
Dadım-tamım, a layla.

Layla, ürəyim layla,
Arzu-diləyim layla.
Sən yat, çəkim keşiyin,
Olum kürəyin, layla.

Layla, dovşanım, layla,
Şərəfim, şanım layla.
Yat, gözəlləş, totuqlaş,
Olum heyranın, layla.

Layla, çiçəyim, layla,
Gözəl-göyçəyim, layla.
Sən yat, çəkim keşiyin,
Qəlbi kövrəyim layla.

Varım-dövlətim layla,
Şanım-şöhrətim layla.
Sən başımın tacısan,
Gözəl sərvətim layla.

2019 Solmaz Şirin. Müəllif hüquqları qorunur.

Powered by Megavision International