Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Ruzigar dəyişib, qəm tikan əkib,
Soyuq ləşkərini üstümə çəkib.
Günəşlə döyüşüb qara buludlar,
Üstümə çiskinlar, çən, duman töküb.

Deyir, yüz yaşda da belə olacaq,
İllər qocaldıqca cavanlaşacaq.
Deyir, gəncliyi tək aşıb-daşır o,
Yaşının qədəri böyüyür ancaq.

Gəlib çıxar qarşına,
Hədəf olar başına,
Özgələrə daş atsan,
Və su töksən aşına.

Gül dərə bilməyən, gör, nələr çəkir,
Paxılçın əməli tikanlar əkir.
Gülab çəkə bilməz kimsə tikandan,
Hər kəs əkdiyinin cövhərin çəkir.

Şeir yüksəldib səni, qoymaz əsla kölgədə,
Şairlər söz əmiri adlanır hər ölkədə.
Allah seçib yaradıb, Allah verib vergini,
Əbədiyaşar olur şair cismən ölsə də.

Ürək dönmür, deyir elə dediyini,
Bilmir şəkər, yaxud zəhər yediyini.
Yiyəsiylə razılaşmır, üsyan edir,
Anladır ki, o düz bilir bildiyini.

Naxələf övlada ümid bağlarsan,
Sonda üzü üstdə qalıb ağlarsan.
Allaha, özünə güvənsən əgər,
Çaylar tək kükrəyib, coşub çağlarsan.

Sözdə fil gücü var, aslan gücü var,
Sözdə qətiyyətli fərman gücü var.
Qılınc da, qalxan da mütidir sözə,
Sözdə ürəklərə dərman gücü var.

Qanadı qırılmış bir quş kimiyəm,
Qayanın dibində bir daş kimiyəm.
Nə qədər Vətənim cəm olmayıbdır,
Bədəndən ayrılmış bir baş kimiyəm.

Allahın işinə qarışır insan,
Allahdan utanıb çəkinmir nadan.
İyirmi bir dekabr – gözəl bir günü
Dünyanın sonu tək sanırdı viran.

Söz andırar, qandırar,
Alovlayıb yandırar.
Yerə vurar daş kimi,
Göyə quş tək qaldırar.

Söz var ki, məlhəm olar,
Söz var ki, xəstə salar.
Söz var ki, əsər etməz,
Söz var ki, meydan alar.

Adam tanıyıram, edər məhəbbət,
Adam tanıyıram, heç etməz söhbət.
Adam tanıyıram, şan-şöhrət acı,
Adam tanıyıram, güdər var-dövlət.

Sevginin əzabı bir məlhəm kimi,
Sevgi əzabı da özü tək şirin.
Sevginin dərdi də ən ləzzətli dərd,
Sevginin hikməti dərindən dərin.

Hər gecədən səhər doğur,
Qaranlığı işıq boğur.
Üstümüzə şux Günəşdən
Nur ələnir, sevgi yağır.

2019 Solmaz Şirin. Müəllif hüquqları qorunur.

Powered by Megavision International