Təbiət göz açır, torpaq dirçəlir,
Qalıb insanlarsız, yaman darıxır.
Yamyaşıl yamaclar, parklar, küçələr,
Qəm-qüssə içində məzlum tək baxır.
Təzə dirçəlişi xumarlayan yox,
Yarpağı, çiçəyi tumarlayan yox,
Çayların sahilin hamarlayan yox,
Çaylar təəccüblə, nigaran axır.
İnsan təbiətin bir hissəsidir,
Ondan ayrı qalmaq dərd-qüssəsidir,
İnsanın nəfəsi öz nəfəsidir,
Başında buludlu şimşəklər çaxır.
Koronavirusla döyüşürük biz,
Ona görə sənə çatmır əlimiz.
Evlərdən baxırıq, sənlə qəlbimiz,
Tezliklə sovuşar bu bəla, paxır!
Solmaz tək səbr eylə, döz, təbiətim,
Alışar küllərdə köz, təbiətim,
Yatmış vüsal açar göz, təbiətim,
Dünya belə qalmaz, düzələr axır!
06.04.2020, s.11 ərəfəsi.