Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Fəsillərin ən gözəli,
Gül-çiçəkli bahar gəlir.
Bayramların ən özəli,
Novruz adlı qatar gəlir.

Çərşənbələr düzüm-düzüm,
Hərəsi bir görən gözüm.
Əllərində telli sazım,
Novruz adlı çapar gəlir.

Su, od, yel və torpaq adlı,
Çərşənbələr gəlir dadlı.
Novruz yenə kəhər atlı,
Yeni fürsət tapır, gəlir.

Səməni, şam, xonça ilə,
İçi dolu boğça ilə:
Şəkərbura, qoğal, iydə,
Paxlavayla çapır, gəlir.

Solmaz, eşqi, bərəkəti,
Səadəti, məhəbbəti,
Sədaqəti, dəyanəti
Bizim üçün qapır, gəlir.