Novruz, xoş gəlmisən, bu diyara sən,
Gözəl gədəmlərin mübarək və şən!
Açılır gözünlə təbiət gözü,
Yazın gəlişinə böyük müjdəsən!
Ürəklər şad olur, sevinir, gülür,
Təbiət naz ilə özünə gəlir.
Sanki toy günüdür, əriyir şamlar,
Xonçalar yan-yana şəstlə düzülür.
Belində qırmızı lentli səməni,
Gətirib süfrəyə çölü, çəməni.
Qırmızı yumurta, paxlava, çərəz,
Bəzəyir Novruzu, bayram süfrəni.
Müsəlman birliyi, Oğuz töhfəsi,
Dədə-babaların bu ənənəsi!
Yanan tonqallarla, gedən şamlarla
Getsin türkün dərdi, ucalsın səsi!