Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

“Yeni müsavat” qəzetinin baş redaktoru cənab Rauf Arifoğluya “Ayat” qəzetinin təsisçisi və baş redaktoru Solmaz Şirindən.

Qəzetinizin 18 mart 2009-cu il sayında Elşən Qədimovun “Həkim Qəninin mülkiyyəti uğrunda dava” adlı məqaləsi dərc olunmuşdur. Bu məqalə həm məntiqi, həm də məzmuni cəhətdən səhvlərlə doludur. Heç bir müxbirə heç bir qanun yol vermir ki, hansısa əhvalata özünün və yaxud redaksiyaya müraciət edən şəxsin mövqeyinə uyğun olan birtərəfli tərzdə, 2-ci tərəfin rəyi bilinmədən, məsələ araşdırılmadan münasibət bildirərək xalqa yanlış məlumat versin. Özü də ictimaiyyətdə və ədəbiyyatda özünə görkəmli yer tutmuş, həmişə üzdə, xalqın arasında olmuş şair Həkim Qəni haqda.

Elşən Qədimov müxbirlik sənəti və şəxsiyyətinə layiqli qiymət vermədiyi, hüquq qanunlarını bilmədiyindən aşağıdakı kobud səhvlərə yol verərək xalqın gözündən pərdə asmışdır. Daha fikirləşməmişdir ki, xalqı aldatmaq olmaz. “Xalqın gözü tərəzidir.”
Çox ziyalılar, Həkim Qəninin 40-50 illik dostları belə bir səviyyəsiz (onların dili ilə desək), H.Qəninin vəsiyyətnaməsi əsasında vərəsəlik hüququndan məhrum etmiş olduğu oğlu Zakirin yanlış məlumatlarına görə olan yazıdan qəhərlənmiş və redaksiyamıza zəng edərək mənim onların da adından cavab yazmağımı xahiş etmişlər.

Elşən Qədimovun məqalədə buraxmış olduğu səhvlər aşağıdakılardır:

  1. Məqalənin başlığı: “H. Qəninin mülkiyyəti uğrunda dava”. Uğrunda mübarizə olar, dava yox. “Üstündə dava” demək və yazmaq azərbaycan dilinə uyğundur.
  2. Əzizbəyov Məhkəməsi şəriət qanunları ilə deyil, şəriət Nikahnaməsini sübutu, faktı müəyyən etmə maddəsilə götürərək qətnamə çıxarıb.
  3. 1941-ci ildə H.Qəni Tibb institutuna daxil olmamış, onu bitirmiş və həkim kimi cəbhəyə göndərilmişdir.
  4. H. Qəni 1967-ci ildə deyil, 1966-cı ildə Ordudan tərxis olunmuşdur.
  5. Akademik Mirqasımov adına Mərkəzi xəstəxana deyil, Respublika Klinik xəstəxanasıdır. Həmin xəstəxanada H.Qəni nevropotologiya deyil, sovet dövründə fizioterapiya şöbəsinə rəhbərlik etmişdir.
  6. H.Qəni məqalədə qeyd olunduğu kimi, nəinki uzun illər, heç vaxt Azərbaycanın baş nevropotoloqu olmayıb.
  7. Məqalədə işlədilən “absurd” sözü azərbaycan dilində yoxdur.
  8. Sənədlərə görə H.Qəninin həyat yoldaşı məqalədə göstərildiyi kimi deyil, 2001-ci ildə vəfat etmişdir.

Oğlu Zakir atasının həmin qadınla yaşadığı evi satdırıb, pulunu atasından alıb Almaniyadan maşın gətirib satmaq alverinə başlayıb. Onun əvəzində atasının ona almış olduğu evdə atasına bir otaq ayırıb və ora qeydiyyata saldırıb. 25 illik küsülülükdən sonra öz xeyiri üçün atasına yaxınlaşıb. (Vaxtilə atasının qaraj qarışıq maşınını yandırıb, evini əlindən alıb və s. və s.)

H.Qəninin pullarını xərcləyib qurtarandan sonra ona baxmayıb, evdən qovub. Bunu H.Qəninin 30-40 illik dostlarının məhkəməyə notariat qaydada təsdiqlədib verdikləri ərizə-izahatlardan dəqiqləşdirmək olar.

“Vahid şairlər məclisi”nə gedərkən H. Qəni mənə dərdini açdı: “Nankor övladlarım evlərimi, bağımı, pullarımı – hər şeyimi əlimdən aldılar, indi heç nəyim qalmadığına görə mənə baxmırlar, getməyə də yerim yoxdur”. Çirkli və əzik üst-başını göstərərək doluxsundu.

İxtiyar çağında özünə bir himayədar kimi mənə sığınaraq ailə qurmağı təklif etdi. 2004-cü ilin fevral ayının 18-də şəriət Nikahı ilə ailə qurduq. Dost-tanışlar, qonşularımız çox sevindilər və bu günü qeyd etmək üçün bizə toplaşdılar.

Zakir atası ilə mənim dövlət nikahına girməyimizə müxtəlif vasitələrlə mane olduğundan biz bunu çox çətinliklə bir neçə aydan sonra etdik.

Ailə quran vaxtdan biz H.Qəni ilə mənim evimdə yaşadıq. Onun üst-başı və bütün işləri səhmana düşdü. Birgə yaşadığımız müddətdə mən H.Qəninin 6 kitabını redaktə edərək çap etdirmişəm. Oğlunun evində yer verməyib maşın qarajına, qapının ağzına, pilləkənlərə tökdüyü əlyazmalarını tozun içindən yığıb gətirib redaktə edərək çap etdirmişəm. Şairin işıq üzü görməmiş, heç kimin tanımadığı əsərlərindən ibarət “Seçilmiş əsərləri I” adlı kitabını çap etdirmiş, hal-hazırda II cild üzərində işləyirəm. Tezliklə o da işıq üzü görəcək Allahın köməkliyi ilə.

H.Qəninin ürək problemiylə əlaqədar təngnəfəsliyi olduğuna görə Bakı şəhəri İcra Hakimiyyətinin başçısı H.Abutalıbovun yanına gedərək ondan bizə bağ sahəsi verməsini xahiş etdik. H.Abutalıbov tezliklə sərəncam verərək yeni ailə qurmağımız münasibətiylə bu bağ sahəsini bizə hədiyyə etdi. H.Qəni ilə mənə Şüvəlan qəsəbəsində Bağlar İdarəsinin nümayəndəsi tərəfindən bir neçə sahə göstərildi. İndiki bağ sahəsini seçib götürdük. Bağ Təsərrüfatı İdarəsiylə H.Qəninin arasında müqavilə bağlanan zaman o, oğluyla bir evdə qeydiyyatda olduğundan MKİS-dən verilən 2 formalı arayışa görə Zakirin adı avtomatik olaraq həmin müqaviləyə düşdü, baxmayaraq ki, o vaxt ata oğlu ilə küsülü idi.

Elşən Qədimovun əlində heç bir əsas olmadan yazıb ki, “oğlu Zakir bağ sahəsində ikiotaqlı ev tikib”. Orada tikdirdiyimiz evin sərəncamı, heç bir sənədi olmadığından o ev məhkəmə tərəfindən özbaşına tikili hesab olunmuş, ev kimi sayılmamışdır. Hansı qanun ixtiyar verir ki, Elşən kimi savadsız müxbir belə özbaşınalığa, vəzifəsindən sui-istifadəyə yol versin? Elə belə işlərinə görə də Elşən öz soyadını gizlədərək mətbuata başqa, hansısa “Qədimov” soyadı ilə çıxır, ikiüzlülük edir, öz soyunu da danır. Beləsindən hər nə desən gözləmək olar. Çox təəssüf ki, belə “müxbir”imiz var, yazıq ondan işi keçən xalqın halına.Övladlarının heç biri, həmçinin Zakir atasının yanına gəlib-getməyib, onu yoxlayıb xəbər tutmayıblar. Qaldı ki ev tikmək.

Həm də yazıb ki, Zakirin “atası dünyasını dəyişəndən sonra Solmaz adlı qadın bağ evinə sahib çıxıb”. Elşən bilsin ki, həmin qadın H.Qəninin rəsmi həyat yoldaşıdır. O həmin qadındır ki, övladları tərəfindən atılmış, yıxılmış, yaşamağa yeri olmayan özündən çox yaşlı bir həkim, tərcüməçi, ədəbiyyat xadimi, böyük şairi mərd-mərdanə ayağa qaldıraraq gətirib öz evində qeydiyyata saldırıb baxmış, yaşatmışdır. Bina evində rahat nəfəs ala bilmədiyindən onunla gedib Bakı Şəhər İcra Hakimiyyətindən bağ sahəsi almış, gecə-gündüz, yay-qış orada bir əlində bel, o birində ketman, dırmıq, işləyib bağ salmış, əri və ustalarla gedib Dərnəgül bazarından tikinti materialları almış, heç bir kölgəliyi olmayan bir sahədə qızmar yay günəşi altında alın təri tökərək ustalara yemək bişirmiş, qulluq etmiş, ev tikdirmişdir. Onda Zakir həyatda rahat yaşayır, atasının evini satdığı pullarla Almaniya-Bakı reysləri ilə “mersedes” maşını alveri edərək özü üçün pul qazanırdı. İndi isə adının təsadüfən bağ müqaviləsinə düşməsi və atasının həyatda olmamasından istifadə edərək “Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” demək istəyir.

H.Qəni hələ sağlığında bu günü görürdü. Deyirdi ki, mənim övladlarım acgöz və nankordurlar. Mən öləndən sonra səni incidəcəklər. Ona görə də o, 11 saylı Dövlət Notariat Kontorunun təsdiqi ilə “Bütün əmlakımı Şirinova Solmaza vəsiyyət edir, başqa vərəsələri vərəsəlik hüququndan məhrum edirəm” məzmunlu vəsiyyətnamə imzalamışdır. Bundan başqa, ölümündən əvvəl nəvəsi, MTN-in əməkdaşı Rəşad Hüseynova “Vəsiyyət məktubu” yazıb qoymuşdur. Məktubda qeyd etmişdir ki, uşaqlarının payını veribdir. Bağı və bağ evini həyat yoldaşı Solmaz xanımla evlənməsi şərəfinə və Solmazın onun həyatında olan xidmətlərinə görə ona bağışlamışdır. Və sonda nəvəsindən xahiş etmişdir ki, əgər uşaqları həyat yoldaşını incidərlərsə, onları yerində oturtsun, Solmazla ziddiyyətə yol verməsin.

Təəssüf ki, nə H.Qəninin ümid bəslədiyi nəvəsi Rəşad, nə də uşaqları onun vəsiyyətinə məhəl qoydular. Onu da qeyd edim ki, kişi hələ sağlığında bu vəsiyyətləri onlara şifahi olaraq çox demişdi.

Zakir heç bağı tanımır, orda olmayıb, bilmir su hardan alınır, işıq hardan yanır, həyətdə hansı meyvə, yaxud başqa ağac, gül var. Heç qonşular da onu tanımır, bir dəfə də görməyiblər. Hələ bunlar bir yana. H.Qəni ölümündən bir il əvvəl xəstələnməyə başlamışdı. Bu bir il ərzində mən tez-tez evə təcili yardım çağırmış, dəfələrlə Respublika Klinik Xəstəxanasının urologiya, kardiologiya, hətta reanimasiya şöbəsində ölümlə çarpışan xəstələrin arasında yuxusuz və qorxulu gecələr keçirtmişəm. Həmin çətin zamanlarda həm xəstənin yeməyi, həm dərmanı, paltarı, bazarlığı, bir sözlə, bütün ağırlığı tək mənim boynuma düşüb. Xəstəxanaya aparmaq, gətirmək, maşın tapmaq, hətta gecələr şöbədə olmayan hər hansı qəfil lazım olan dərmanı tapmaq üçün başqa şöbələri gəzib xəstələrə, tibb bacılarına səhər aptek açılan kimi alıb gətirmək şərtiylə borc dərman üçün yalvarmaq və s.

Respublika Klinik Xəstəxanasının qəbul və digər yuxarıda adını çəkdiyim şöbələrində çalışan həkim, tibb bacıları görmədilər və bilmədilər ki, H.Qəninin övladları var. Atanın bu vəziyyətdə olduğunu övladları bilir və gözə görünmürdülər. Beləliklə, axırda H.Qəni 2 ay ağır yataq xəstəsi oldu. Oğlu Zakir bu müddət ərzində də bircə dəfə də olsa nə xəstəxanaya, nə evə gəldi, nə də zəng edib atasının halını xəbər aldı. Belə hərəkətsiz vəziyyətində kişinin yerini dəyişməyə, vannaya qoyub çimizdirməyə mənim gücüm çatmırdı. Onda mən köməyə qapıbir rus qonşum Volodyanı çağırırdım. O zaman H.Qəni ağlamsınaraq deyirdi: “Volodya, mən səndən utanıram. Hanı mənim oğlanlarım? Bunu onlar etməlidirlər”.

Ölümündən bir neçə gün əvvəl övladları üzə çıxıb miras sahibi olmaq məqsədiylə kişini mənim əlimdən zorla alıb apardılar. Ağılı özündə olmayan, hərəkətlərini anlamayan, can verən kişiyə ölümündən 3 gün əvvəl özlərinə lazım olan sənədlərə qol cızma-qara etdirdilər, hansı ki onun əsl qoluna oxşamır. Bu barədə onun müalicə həkimi dosent Mirzəcan Məmmədov 11 saylı Dövlət Notariat Kontorunda təsdiqlədib Əzizbəyov rayon Məhkəməsinə verdiyi ərizə-izahatda geniş yazmışdır.

Sonra Zakir mənə xəbər verdi ki, mənə verilmiş Vəsiyyətnaməni ləğv etdiriblər. Vəsiyyətnaməni təsdiqləmiş 11 saylı Dövlət Notariat Kontoru Vəsiyyətnamənin üzərinə “Vəsiyyətnamə ləğv olunmayıb, qüvvəsindədir” ifadəsini yazaraq 2-ci dəfə imzalamış və möhürləmişdir.

Atasına sahib olmayan “oğul” bağına sahib olmaq istəyir. İyunun 9-dan 10-a keçən gecə rəhmətə gedən kişinin adından 9 iyun tarixdə oğlu Zakir Binəqədi rayon Məhkəməsinə bizim nikahımızın pozulması tələbinə dair iddia ərizəsi vermişdir. Bundan başqa, Zakir Binəqədi və Əzizbəyov Polis İdarələrinə mənim atasının ölümünə səbəb olmağım və mənə qarşı cinayət işi qaldırılması tələbiylə ərizələr vermişdir. Binəqədi rayon Məhkəməsinə öz adını mənə qoyaraq ləyaqətsiz vərəsə elan olunmağım tələbiylə iddia ərizəsi vermişdir. Nərimanov rayon Məhkəməsinə H.Qəninin mənim adımı bağ müqaviləsinə salmaq üçün verdiyi ərizənin guya onun tərəfindən yazılmadığını iddia edərək ərizə vermişdir. Beləliklə, əlini hər yana ataraq dırnağını ilişdirməyə bir yer axtarır, hazır pul axtarır yeməyə bu “oğul”. Bir dəfə atasının adını çəkdirmək, onun xatirəsini əbədiləşdirmək – əsərlərini çap etdirmək, səhnələşdirmək, internet saytı açdırmağa çalışmır bu “oğul”, sağlığında olduğu kimi, indi də atasına gəlir mənbəyi kimi baxır.

Əzizbəyov rayon Məhkəməsinə Şüvəlanda özümün düzəltdiyim bağdan mənim çıxarılmağım, sənədlər və açarların məndən alınıb ona verilməsi iddiası ilə bağlı ərizə vermişdir. Əzizbəyov rayon Məhkəməsinin hakimi Rəşad Həsənov bu işə barmaqarası baxmış, işi asılı vəziyyətdə qoymuşdur. Vərəsəlik hüququndan məhrum olunmuş, atasının nəzərində adı bağdan çıxarılmış “oğula” qanuna zidd olan səlahiyyətlər vermişdir. Hakim hakim olsaydı, açıq-aşkar olan bu iş çoxdan çözülərdi. Bu işə hal-hazırda Apellyasiya Məhkəməsində baxılır. İşin gedişindən görünür və əminəm ki, işə tam dəqiqliyi ilə baxılıb düzgün qərar çıxarılacaq. Əgər bu iş burada ədalətli həllini tapmasa, növbəti instansiyalara çıxarılacaq.

Gör, Zakir nə qədər Allahı, dövləti, onun qanunlarını saymayan özbaşına adamdır ki, istədiyi şər və böhtanlarla bir ilə yaxındır məni ittiham edir. Hələ qarşısına çıxıb onu yerində oturdan hakim olmayıb. Başqa ölkələrdə olsaydı, belə bir adam qanun çərçivəsinə salınaraq çoxdan tərbiyə olunmuşdur. Bizim də gözəl və ədalətli qanunlarımız var, təəssüf ki, onlara hüquq orqanları tərəfindən layiqincə əməl olunmur.

“Qurani-Kərim”də deyildiyi kimi, bizim ədalətli Hakimimiz və Vəkilimiz Allahdır. O, hakimlər Hakimi, vəkillər Vəkilidir! Ümidim Allahadır.

Cənab Rauf Arifoğlu, müxbiriniz Elşən Qədimov bu boyda işi qarışqaya döndərməyərək yaxşı araşdırıb yazsaydı, əsl müxbir sayılar, qəzetinizin işinə və adına xələl gətirməzdi. Əgər mümkünsə, qəzetinizin səhifəsində bu məsələni olduğu kimi işıqlandırın. Ona görə ki, bir ilə yaxındır bu məsələlər müzakirə olunur. Ziyalı təbəqəsinin çoxu bu işlə olduğu kumi tanışdır. H.Qəni ilə mən həmişə üzdə – məclislərdə, tədbirlərdə, el arasında olmuşuq, başımıza gələnlərin canlı şahidi olublar. Həm də mən Sizə burada yazdıqlarımın təsdiqi üçün sənədlər göndərirəm. Qoy, xalqın qəzetinizə olan inamı itməsin!

H.Qəninin övladlarına həsr etdiyi şeirlərdən nümunələr:

Gənədən bit yaxşıdır,
Çox şordan şit yaxşıdır.
Vəfasız oğuldansa,
Vəfalı it yaxşıdır.

Əzizim qala dərdi,
Çəkilməz qala dərdi.
Dərmansız bir dərd də var,
O da ki bala dərdi.

Əziziyəm kor olsun,
Dünya ona dar olsun.
Fərsiz övlad olmasın,
Olsa, yeri gor olsun.

Əziziyəm yalandır,
Əzrayıl can alandır.
Özgəyə düşmən yağı,
Mənə düşmən balamdır.

Əzizim kaş olaydı,
Göz üstə qaş olaydı.
Bu bala olmağından,
Qara bir daş olaydı.

Pis övlada ar olsun,
Əcəl ona yar olsun!
Yeri bu gen dünyada
Dar ağacdan dar olsun!

Əlindən
Gileyliyəm, ay ariflər, a dostlar!
Bir can alan nazlı yarın əlindən.
Demirəm ki, vəfasızdır, dönükdür,
Cəfa çəkdim o dildarın əlindən…

Nə gətirdim, halal xoşu, üyütdü…
Mənə qalan külək vuran qovutdu.
Balaları atasından sovutdu,
Cəfa çəkdim cəfakarın əlindən…

Övlad gərək ədaləti atmasın,
Halal aşa haram suyu qatmasın.
Dönük övlad səadətə çatmasın,
Qəhri görsün o qəhharın əlindən…

Dərdim deyib ürəkləri dağlaram,
Haqq adilə qəm kitabın bağlaram.
Üzdə gülər, ürəyimdə ağlaram
Nankor olan uşaqların əlindən…

Həyat, fərəh, gül dediyim uşaqlar,
Bal yedirdib düz dediyim uşaqlar,
Quş südüylə bəslədiyim uşaqlar
Atıb gülü, tutub xarın əlindən…

Qiyamətdə bağışlanmaz bu xəta-
Oğul əgər atasına daş ata.
İnsan, Qəni, gərəkmiş ki bərk tuta,
Həya, namus, etibarın əlindən…

Solmaz Şirin

“Ayat” qəzeti, aprel, 2009.