Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Qismətini gözləyirdin, bu da qismətin, gəlib çatdı, tale səni yavaş-yavaş sənətin içinə atdı.

Ötən günlərdə Vahid poeziya evində şairə Solmaz Şirinin yubileyi və “Solmaz çiçəklər”adlı kitabının təqdimat mərasimi keçirildi. Mərasimə şairənin yaxınları, qohumları və bir çox sənətçilər dəvət olunmuşlar.

Təqdimatı Vahid poeziya evinin müdiri Şahin Verdiyev açdı. O, qonaqları salamlayaraq şairənin yubileyini və “Solmaz çiçəklər” adlı kitabının işıq üzü görməsinə görə onu ürəkdən təbrik etdi. Təqdimatın aparıcısı “Vahid musiqili-ədəbi şairlər məclisi”nin sədri Həkim Qəni idi. O, çox mehribanlıqla qonaqları salamlyaraq sözü musiqiyə, yəni hörmətli müğənnilərimizə verdi. Əlibaba Məmmədov, Zümrüd Məmmədova Solmaz xanımı təbrik etdilər və şairənin sözlərinə bəstələnmiş bir neçə mahnını ifa etdilər. Tanınmış xalq artisti professor Canəli Əkbərov, İslam Rzayev, Sabir Mirzəyev, Təvəkkül Musayev,Rövşən Behcət, Səfa Qəhrəmanov və s. Solmaz Şirini təbrik edərək onun qəzəllərini ifa etdilər. Xalq artisti Teymur Mustafayev “Solmazım” mahnısını ifa etdi. Görkəmli şairimiz Ənvər Nəzərli bir neçə şeir söylədi.

Tarix elmləri doktoru, professor, şair, “Məcməyüs-şüarə” ədəbi məclisinin sədri Şahin Fazil də Solmaz Şirinə xoş sözlərini, xoş arzularını bildirdi və yazdığı şeiri oxudu. Vahid poeziya evinin bədii-qiraət ustası Həsən Həsənov və Tərlan Hüseynova Həkim Qəni ilə Solmaz Şirinin şeirlə deyişməsindən bir neçə parça söylədilər.

Daha sonra şairənin yaxınlarından Nəcibə Nəcib, Əzizə Abdülhüseynqızı, Qəşəng Qəmgin, Sənəm Səbail, Həcər Qəbələ, Firudin Şahbuzlu və s. şairəni təbrik edərək ona həsr etdikləri şeirləri və şairənin şeirlərindən nümunələr söylədilər.

Şairə-publisist Azadə Taleh isə “Media İctimai Birliyi” adından şairəni “Qızıl kitab”diplomu ilə təltif etdi. Şairə Gülnigar Rəhimli də çıxış edərək Solmaz xanıma ürək sözlərini bildirdi. Daha sonra şairənin bacısı, yaxınları, qohumları ona xoş arzularını söylədilər. Mən isə Solmaz Şirinin “Solmaz çiçəklər”adlı kitabından özümün ona həsr etdiyim“Ay ulduzu apardı”şeirimi oxudum:

Ay Həkim Qənidir, məlumdur bizə,
Ulduzsa Solmazdır, gəlməsin gözə.

Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, tanınmış, hörmətli şair, qəzəl ustadımız Həkim Qəni Solmaz Şirinin həyat yoldaşıdır. Gəlin, onlara xoş güzəran, uzun ömür və mininci kitabın müəllifi olmaqlarını arzulayaq.

Məleykə Göyçəli

“Könül” qəzetinin təsisçisi və baş redaktoru