Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Yox kimsənənin kimsəsi cananıma bənzər,
Cananım üçün varmıdı can canıma bənzər?

O, yerdə nişan aldı məni, yerdə də vurdu,
Heç göydə də yoxdur belə tərlanıma bənzər.

Eşq içrə könül mülkünə sultan onu seçdim,
Sultanlar ara varmıdı sultanıma bənzər?

Vicdanıma and içdim, ona yarım inandı,
Yoxdur elə vicdan, dedi, vicdanıma bənzər.

Bir “hə” sözümə canı nisar etdi o yarım,
Loğmanda da yoxdur, dedi, dərmanıma bənzər.

Fərmandır o gündən bəri cananıma hökmüm,
Olmaz elə fərman, ola fərmanıma bənzər.

Solmaz özü qurban özünü yarına etdi,
Yoxdur, dedi yarım, belə qurbanıma bənzər.