Solmaz Şirin

Həyat yaşamağı bacaranındır, onun ilməsindən baş açanındır!​

Dedim, unudaram, görməsəm səni,
Unutmaq çətinmiş, hardan biləydim?
Məhəbbət sınağa çəkməmiş məni,
Sevgim çox mətinmiş, hardan biləydim?

Hər gözəl görəndə dərdindən ölmək,
Hərəyə göz dikib üzünə gülmək,
Yalançı sevgini doğruyla bölmək
Sənin sənətinmiş, hardan biləydim?

Qəlblərə “məhəbbət” əkmək istəyi,
Tuti tək şirin dil tökmək istəyi,
Könülləri didib-sökmək istəyi
Sənin adətinmiş, hardan biləydim?

Solmaz görüşünü rəva bilmədi,
İnanıb üzünə bir də gülmədi.
Üzün neçəncidir, saya bilmədi,
Neçənci qatınmış, hardan biləydim?
Hansı bir çatınmış, hardan biləydim?