Hamının oduna yanma, ürəyim,
Hər dərdi özünün sanma, ürəyim.
Nanəcib gülləsin danma, ürəyim,
Yoxsa atəşlərdən külə dönərsən.
Özünün yükünü güclə çəkirsən,
Sən daş ha deyilsən, bir tikə ətsən.
Oyula-oyula tez çökələrsən,
Gur qəlb yağışından gölə dönərsən.
Dərd dağı ucalar kövrək sinəndə,
Dağ çayı çağlayar çiyinlərində.
Gül-çiçək də bitməz çəmənlərində,
Otları saralmış çölə dönərsən.
Mənim cəsədimin, bil, özəyisən,
Ruhumun oylağı, baş bəzəyisən.
Sənsiz həm cəsədim, həm ruhum yeksan,
Sən də ruhsuz, cansız dölə dönərsən.